|
Elşən Əlisoy
Cəmiyətimizin anormal yanaşmalarından biri də öz taleyinə biganəlik və özünün problemlərinin başqasının həll etməli olduğunu düşünməsidir. Bir çox insanların baxışına görə, sanki Qarabağı beynəlxalq təşkilatlar azad etməli, Azərbaycanda da Rusiya və Qərb hüquqi dövlət qurmalıdır. Bu anormallıqlar bəzən o həddə çatır ki, adam özü az qalır ki, belə bir düşüncəyə malik olan xəstə cəmiyyətə tüpürüb ölkədən baş götürüb getsin.
Ömrünün ən gözəl çağlarını Azərbaycanda hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə həsr edərək, gəncliyini haqqı pozulan məzlumların azadlığı üçün qurban verən insanların hansısa mitinqdən sonra həmin məzlumun biri tərəfindən, “nə oldu əəə nəyi dəyişdiniz” kimi kinayəli sözlərini eşitdiyinin hər birimiz şahidi olmuşuq. 20 ildən artıqdır ki, yaşadığımız faciəli durmun səbəbi də budur. Xəstə və qorxaq cəmiyyət.
Şərqin ilk demokratik cümhuriyyətini quran bir millət, Heydər Əliyevin “dözümlü xalq” tərbiyyəsi ilə yetişdirilərək acınacaqlı durumuna buna da şükür deyən məzlum bir kütləyə cevirilib. Əyninə geyindiyi paltarı da nisyə alan, xirtdəyə kimi borcun içində olub, borc yeyəsini görəndə qaçıb gizlənən, ancaq Əliyev hakimiyyətinə həvəslə seçki saxtalaşdıran manqurt insanlar toplumuna dönmüşük.
Bəlkə də dünyanın heç bir yerində Azərbaycan kimi vəhşicəsinə talanan ikinci bir dövlət yoxdur. Məmurlar özlərinin həyat qanunları olan cibgir qanunlarına da əməl etmir. İnsaflı cibgirlər cibini soyduqları insanın heç olmasa mənzil başına çatması üçün ona pul saxladıqları halda, İlham Əliyevin məmurları insanların son tikəsini də əlindən alır.
Şəhid ailələri evsiz-eşiksiz vəziyətə salınıb, Qazilərimiz gözümüzün önündə intihar edir, hakimiyyət isə Bakıda keçiriləcək olimpiadaya gələn ermənilərin “şotun” verir.
Topxanada qırlan ağaca görə Sovet imperiyası kimi bir imperiyanı yıxan, 1988-89 –cı illərdə “qəhraman xalq” elan olunmuş Azərbaycan xalqı bu gün dünyanın ən məzlum xalqına çevrilib. “Balamı fikirləşirəm, ona görə mitinqə getmirəm” deyən hər bir insanın onsuzda balasının gələcəyi haqqında qarantiya yoxdur.
Bu gün balası üçün meydana atılmayan hər kəsin övladının gələcəyi uzaq başı hansısa bir məmurun övladının nökəri olacaq ya da məmur oğlunun məhv etdiyi Lamiyənin və onun nişanlısının taleini yaşayacaq. Biz taleimizi dəyişməliyik. Taleyimizi dəyişərək öz mənliyimizin, qürurumuzun məhv olmaması üçün mübarizəyə atılmalıyıq. Ən əsası isə Azərbaycanımızı Əliyevlərin işğalından azad edərək vətənimizə sahib durmalıyıq.
HƏR BİRİMİZ AZADLIĞIMIZ NAMİNƏ KEÇİRİLƏN MİTİNQLƏRDƏ İŞTİRAK EDƏK!