|
Vüsal Məmmədov
Rusiyada hər şeyin bahalaşdığı bir vaxtda arağın qiymətinin ucuzlaşdırılması maraqlı lətifələrin yaranmasına səbəb oldu. Bu lətifələri eşidəndə anlamaq çətin deyil ki, Rusiya və ruslar üçün araq – sadəcə içki deyil, ictimai-siyasi sistemin vacib bir elementi, xalq və hətta dövlətçilik ruhunun bir ünsürüdür.
Məsələn, lətifənin birində deyilir ki, əgər arağın qiyməti ucuzlaşıbsa, demək, hələ vəziyyət lap pis deyil; vəziyyət o zaman lap pis olacaq ki, araq pulsuz verilsin. Bu lətifədə Böyük Vətən müharibəsi zamanı səngərdə əsgərlərə hər gün 100 qram pulsuz arağın paylanmasına eyham vurulur. Belə bir fikir də var ki, əgər həmin 100 qramlar olmasa, sovet ordusu almanların qabağında dayana bilməyəcəkdi. Əlbəttə, tam düzgün fikir deyil, amma yalan da demək olmaz…
Rusiyanın tarixində, mədəniyyətində, sadə rusların məişətində araq o qədər böyük yer tutur ki, əgər bu ölkənin tarixindən içki amilini çıxarmaq mümkün olsa, yəqin ki, nə indiki rus xalqı, nə də dövləti mövcud olardı.Hər halda, bugünkü formada dəqiq olmazdı. Dünyada başqa bir heç bir içki heç bir ayrı xalqın taleyində arağın Rusiya xalqının taleyində oynadığı qədər rol oynamayıb.
Tarixin ən ağır və dəhşətli məqamlarında məhz araq rus xalqının belə deyək, kütləvi şüurunu keyidib, ağrılarını azaldıb, lazım olanda ona optimizm verib, gələcəyə inam yaradıb.
Rus ədəbiyyatının sütunlarından biri olan Puşkin babasının araq zavodunun gətirdiyi qazancın hesabına təhsil alıb və bugünkü rus dilini yaradıb. Rus elminin nəhəngi Mendeleyev arağın optimal formulu haqda elmi araşdırma aparıb. 40%-lik araq məhz həmin araşdırmanın nəticəsidir.
Rus insanının demək olar ki, həyatının bütün vacib məqamlarında araq onun yanında olur. Sevəndə, ayrılanda, dostla görüşəndə, düşmənlə üzləşəndə...hətta doğmasını torpağa tapşıranda da. Bu mövzu rusiya kinosunda dəfələrlə çox böyük ustalıqla göstərilib. `Moskva göz yaşlarına inanmır` filmindəki Qoşanın Nikolayla ilk görüşü kimin yadındadır? O gördüyümüz əsl rus mujikinin xasiyyətidir - əvvəlcə yüz vuraq, sonra görərik, nə var-nə yox...
İçki – rus mentalitetində insanı tanımağın, əlaqə qurmağın yoludur. Rus altşüurunda `İç ki, səni tanıyım` təlimatı gizlənib. Bir tərəfdən Bulqakovun yazdığı`İçməyən kişilərin içində nəsə pis bir şey gizlənir` sözləri var. O biri tərəfdən, artıq rus dilində klassikaya çevrilən `Yarım litr vurmasan, baş açmaq olmayacaq` məsəli. `Yarım litr` strandartı artıq rus cəmiyyətində şəxsiyyətlərarası münasibətləri yoluna qoymağın, empatiyanın əsas vasitəsinə çevrilib. Əslində elə cinslərarası münasibətləri də - `Çirkin qadın olmur, araq az olur` söhbətini yada salaq.
Sıravi rusun həyatının bütün məqamlarında 100 qram süzüb, başına çəkməyə ehtiyacı var. Ağır gündə də, xoş gündə də... Bunu onun əlindən almaq cəmiyyətin bütün sosial-ictimai sistemini dağırtmaq deməkdir. İki dəfə belə olub – ötən əsrin əvvəlində II Nikolay, sonlarında Qorbaçov alkoqolu qadağan ediblər, hər ikisinin başında durduğu dövlət də dağılıb. Əlbəttə, birbaşa səbəb bu deyil, amma çox maraqlı məqamdır.
Belə bir vaxtda Rusiya hakimiyyətinin arağın qiymətini aşağı salması çox uzaqgörən bir addımdır. Böhran, sanksiya-filan - bunlar boş şeylərdir. Əgər rus xalqının əli arağa çatırsa, o, mütləq rəhbərin sağlığına içəcək. Yüz vuracaq və düşmənin qabağında düz duracaq. Bu isə artıq həm də arağın siyasi, hətta geosiyasi proseslərə təsiri deməkdir.