Səadət Cahangir

Bir cəmiyyətin laxlamış qanun sisteminin fəlakəti təkcə ayrı-ayrı insanlara zərər verməklə bitməz. O sistemdə hərəkət mexanizmini tamamlayan vintlər paslanıb çürüdüsə, artıq heç nəyə nəzarət edə bilməzsiniz. Hüququn, haqqın,  ədalətin cizgisi itib gedər kitabınızdan. Məzlum, zalım, əzilən, əzən, tapdayan, tapdalayan, haqlı, haqsız bir-birinə qarışar. Zülm ərşə dirənər o yerdə, göz yaşları quruyub atəş salar dağılan ürəklərə, ah-nalələr yeri-göyü ağladar. Bu gün bizim gördüklərimiz, şahid olduqlarımız, yaşadıqlarımız və susaraq həzm etdiklərimiz kimi... 

Ölkənin gündəmində daha bir əzilmiş insanın faciəsi var. Hamı həbsxanada uşaq dünyaya gətirmiş məhkum qadını- Lamiyə Quliyevanı müzakirə edir. O qadını ki, 10 il bundan əvvəl öz namusunu qorumaq üçün birini öldürmüşdü. Adi birini deyil, Şəmkirin sabiq icra başçısının oğlunu. Azərbaycan kimi ölkədə 16 yaşlı gənc bir qız üçün bunun nə demək olduğunu bilirsiniz hər halda. Bununla həyatı alt-üst olan Lamiyənin faciə xronikası da göz önündə. Məlum ölüm hadisəsinə görə 10 il həbsdə yatıb. 2 il əvvəl ona qarşı cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma maddəsi ilə yenidən cinayət işi başlanıb. Həmin cinayət işinə görə onun cəzası yenidən 5 il 6 ay artırılıb. Zülm bununla da bitmir hələ...

Lamiyənin ömürlük həbs cəzası alan nişanlısı elə dustaqxanadaca başqa qızla evlənib. Lamiyə isə məhkumluq həyatı yaşadığı 4 saylı qadın cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirib. O uşağın da atası məlum deyil. 16 yaşlı bir qızın 10 ildən bu günə yaşamaq adına ölüb-dirildiyi günləri saymağa mənim gücüm çatmaz. Insan necə tab gətirər, necə dayanar bu ağrılara bilmirəm. Amma 10 il əvvəl baş verənlər əksinə olsa, yəni 16 yaşlı qız o adamı öldürmədən məhkəmə qarşısına təcavüz qurbanı kimi çıxsa, nə dəyişəcəkdi, sizcə? Heç nə, deyilmi? Ədalət tərəzisi pozulmuş, vicdan meyarı itmiş bir sistemdə vəzifə sahibinin sözünü qoyub, adi kənd qızının fəryadını kim eşidəcəkdi axı? Hansı hakim bir icra başçısının övladını mühakimə edəcək qədər cəsarətlidir ki, bu ölkədə? Mən beləsini tanımıram, tanıyanınız varsa, yalanımı çıxarın... 

Siz Lamiyənin həbsindən sonra başına gələn bütün bu bəlaların təsadüf olduğuna inanırsınızmı? Onun cəzasının bitməsinə az qaldığı bir zamanda yenidən törətdiyi “cinayət”in qurama olduğuna şübhəniz yoxmu?  Bütün bunlar bir gizli əlin hökmüylə idarə olunan qisasa bənzəmirmi, sizcə? Uzun illərdir bu xarabada dönən dolabların ocaqları necə dağıtdığını, insanların necə qəddarlıqla əzdiyini, necə amansızlıqla məhv etdiyini hamımız görürük axı. Lamiyə də bu canavarlar süfrəsində həmin azğın məxluqlara yem olanlardan biridir. Məhkum həyatı yaşadığı təcridxanada onun başından keçənlərin təfərrüatlarını bilmirəm. Amma bütün ölkə orada ona təcavüz olunduğundan danışır. Bu qansızlıq, bu rəzalət, bu harınlıq heç bir halda cəzasız qalmamalıdır. Heç kimsə həyatın acı sürprizlərindən sığortalanmayıb və heç kimsə qarşıda onu nələr gözlədiyini söyləyə bilməz, unutmayın.  

Biz niyə hər gün fəryad edib, “haqqınıza sahib çıxın” deyə bağırırıq, sizcə? Biz niyə “ədaləti yalnız özünüz üçün deyil, hər kəs üçün istəyəcək qədər adil olun” deyə qışqırıb dururuq? Bütün bunlar boşuna deyil, anlayın artıq. Artıq anlayın ki, “zülmün qudurduğu yerdə” bütün cizgilər itib getmiş olur. Cizgilərin itdiyi o yerdə də təkcə “dikbaş” Leylalar və Xədicələr mühakimə olunmur. Orada həm də Lamiyələrin namusu “ucuz” görülür, həyatı parçalanır, dünyası dağılır. Artıq anlayın, nə olar.../Azadliq.info/

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti