|
Sərdar Cəlaloğlu
Əslində, bu terror hadisəsinin faktiki səbəbi peyğəmbərin karikaturasının nəşr olunması deyil...Bu, Fransada, eləcə də Avropada son illər şiddətlənmiş islamafobiya tərəfdarları ilə Yaxın Şərqdə “İŞİD”, Əl-Qaidə, PKK, Taliban kimi radikal islamçıların hesablaşma hadisəsidir.
Son günlər Fransada baş verən terror hadisəsi və həmin hadisəyə Avropada və bütün dünyada verilən reaksiyalarla bağlı istər jurnalistlər, istər partiya üzvlərimiz, istərsə də sadə insanlar tərəfindən çoxlu suallar verilib. Bu sualların hər birinə cavab verməyə çalışmışam. Lakin həm Avropada bu hadisə ilə bağlı proseslərin körüklənməsi, həm də Məhəmməd Peyğəmbərin təhqir olunması ilə əlaqədar müsəlmanların həssaslığının artması məlum məsələyə bir daha aydınlıq gətirilməsinin zəruri olduğunu ortaya çıxardığından bu məqaləni yazmağı qərara aldım.
Hər şeydən əvvəl terror hadisəsinin faktiki tərəfinin dini, milli bir təzahür olmadığı, sərvət və hakimiyyət uğrunda bəzi dairələrin istifadə etdiyi kobud zorakılıq üsulu olduğunu bilmək lazımdır. Əgər dünyada baş verən terror hərəkətlərinin riyazi analizini aparsaq görərik ki, terrorun coğrafi, milli, dini, etnik və kultural şərtləri yoxdur. Bunun əksini qəbul etsək, onda nasional sosializmin, yəni Hitlerin və onun tərəfdarlarının irqçilik görüşlərinin, Lombrozonun kriminal antropologiya nəzəriyyəsinin doğruluğunu bölüşdürmüş olarıq.
Fransada törədlmiş terror hadisəsinin formal səbəbinə diqqət etsək görərik ki, əslində, bu terror hadisəsinin faktiki səbəbi peyğəmbərin karikaturasının nəşr olunması deyil. Bu, Fransada, eləcə də Avropada son illər şiddətlənmiş islamafobiya tərəfdarları ilə Yaxın Şərqdə “İŞİD”, Əl-Qaidə, PKK, Taliban kimi radikal islamçıların hesablaşma hadisəsidir.
Nə üçün Fransa?
Hadisənin məhz Fransada olması diqqət çəkir. Halbuki, peyğəmbərin karikaturasının dərc olunması, onun haqqında təhqiramiz “multfilm” çəkilməsi, Qurani-Kərimin yandırılması, məscidlərin dağıdılması kimi anti-İslam çıxışları bundan əvvəl digər Avropa ölkələrində, o cümlədən Amerikada da meydana çıxmışdır. Amma buna bənzər reaksiyalar müşahidə olunmamışdır. Bəs nə üçün Fransa?
Faktlar göstərir ki, Avropa ölkələri arasında islamafobiya ən güclü şəkildə Fransada inkişaf etməkdədir və Fransa ilk olaraq islamafobiyanı siyasiləşdirmiş Avropa ölkəsidir. Terroristlərin əslən Fransanın keçmiş müstəmləkəsi olan müsəlman ölkələrindən çıxması da arxeotip məsələsi kimi bu hadisədə önəmli rol oynayır. Fransada hicabın, küçələrdə namaz qılmağın qadağan edilməsi, bəzi islam adətlərinə görə müsəlmanların təqib olunması, eləcə də açıq-aşkar İslam mənşəli mühacirlərə qarşı yanlış miqrasiya siyasəti aparılması bu ölkəni radikal islamizmin potensial hədəflərindən birinə çevirmişdir. Buna görə də, Fransada bir jurnalda Məhəmməd Peyğəmbərin ləyaqətini alçaldan karikaturanın çap edilməsi radikal islamçılar üçün əlverişli bəhanə olmuşdur. Çünki Fransa rəsmi dairələri öz yanlış siyasətləri ilə terrorun törədilməsi üçün formal zəmin hazırlamışdılar...
Burada üç yanlış yanaşmanın olduğu göz qabağındadır. Birinci yanlışlıq - Məhəmməd Peyğəmbəri aşağılayan karikaturanın nəşr olunması ilə bağlıdır. Bir milyarddan çox insanın itaət etdiyi bir şəxsin - avropalıların da bəşəriyyətin ən görkəmli şəxsiyyətləri arasında uzun illər birinci yerdə gördükləri Məhəmməd Peyğəmbərin təhqir edilməsi, onun karikaturasının çəkilib dərc edilməsi yanlış və qəbahətli bir hərəkətdir. İslam dini ilə yaxından əlaqəsi olmayan insanların nə ücün müsəlmanların Məhəmməd Peygəmbərlə baglı məsələlərə belə həssas davrandıqlarını anlamaq cətindir, hansı ki, nə yəhudilər Musa Peyğəmbərlə, nə də xristianlar İsa Peyğəmbərlə bağlı belə həssaslıq nümayiş etdirmirlər.
Nə üçün Məhəmməd Peyğəmbərlə bağlı müsəlmanlar həssaslıq göstərirlər?
İslam dininə görə, Allaha peyğəmbərlərlə birlikdə itaət etmə əmr olunur və itaət məsələsində onlardan birinə üstünlük verilməsi qadağan olunur. Buradan da, müsəlmanlara görə peyğəmbərlə Allaha münasibət itaət məsələsində eynidir. İkincisi, Qurani-Kərimin “Əhzab“ surəsinin 6-ci ayəsində bəyan edilir: “Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir və onun zövcələri onların analarıdır”. Peyğəmbərin səhih hədislərindən birində Ənəsdən rəvayət olunur: “Sizdən biriniz, mən ona atasından, uşağından və bütün insanlardan daha sevimli olmadıqca iman etmiş olmaz” buyurmuşdur. Buradan aydın olur ki, hər bir müsəlman üçün peyğəmbərin ləyaqəti onun öz ləyaqətindən daha üstündür və müsəlmanlar üçün peyğəmbər öz doğma atalarından, övladlarından və istənilən insandan daha sevimli olmalıdır. Bu da mömin insanlarda peyğəmbərə insanüstü sevgi və məhəbbət aşılayır. Başqa dinlərin peyğəmbərlərinə belə bir münasibət tələb olunmur.
Baş vermiş terror hadisəsi formal dini, faktiki ictimai-siyasi hadisə olduğundan, məsələyə formal olaraq dini və faktiki olaraq hüquqi qiymət verilməsini tələb edir. Yəni müsəlmanlarda peyğəmbərin təhqir olunmasi hadisəsinə həm dini-şəriət, həm də dünyəvi –hüquqi yanaşma necə olmalıdır? Qurani-Kərimin “Ənbiya” surəsinin 36,41 ci ayələrdində bəyan edilir: “Kafirlər səni görəndə ancaq məsxərə edirlər... Həqiqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdir. Onlara istehza edənləri istehza etdikləri şeyin cəzası tutdu”. “Rəd” surəsinin 32-ci ayəsində bəyan edilir: “Həqiqqətən, səndən əvvəlki peyğəmbərlərə də istehza edilmişdir, beləliklə küfr edən kəslərə möhlət verdim, sonra onları yaxaladım. Buna görə də mənim əzabım necə olmuşdur?”.
Bu ayələrdən görünür ki, öz dövründə bütün peyğəmbərlər məsxərə edilmişdir. Allah-təala peyğəmbərlərə məsxərə, istehza edən insanlara möhlət verir və onları yalnız özü cəzalandırır. Buradan da bir müsəlmanın peyğəmbərin istehza edilməsinə görə hər hansı bir zorakı addım atması, qisas alması, əvəz çıxmasının İslama görə zidd hərəkət olduğu aydın olur. Tövratdan və İncildən bəlli olur ki, Məhəmməd Peyğəmbərdən əvvəl yəhudilər Musa Peyğəmbərə istehza ilə yanaşmış, sonra İsa Peyğəmbərin “Mən İsrailin çarıyam” dediyinə görə başina tikandan tac qoyub, onu küçədə təhqir edib, əla salaraq əzab vermiş, sonda edam edilməsi ilə bağlı hökm vermişlər.
Nə üçün Məhəmməd Peyğəmbər məsxərə obyektidir?
Nə ücün müasir dövrdə Avropada İsa və ya Musa peyğəmbərə yox, məhz Məhəmməd Peyğəmbəri məsxərəyə qoyurlar? Məsələ burasındadır ki, hər bir növbəti peyğəmbər öz dövrünün insanları tərəfindən məsxərə edilmişdir. Buna görə də, Musa Peyğəmbər seçildikdən sonra ona məsxərə edənlər əvvəlki peyğəmbərə - İsa Peyğəmbərə məsxərə edənlər Musa Peyğəmbərə məsxərə etməmişlər. Eləcə də Məhəmməd Peyğəmbər sonuncu peyğəmbər oldugundan öz dövrünün kafirləri yalnız ona məsxərə ediblər. Bəs onda 1500 ildən sonra peyğəmbərə məsxərə etməyin nə kimi mənası var. Məhəmməd Peyğəmbər sonuncu peyğəmbərdir və İslam yayıldıqca onunla tanış olanlar ücün Məhəmməd Peyğəmbər yeni bir peyğəmbər kimi tanınır. Nəticədə, həmin ərazilərin kafir olan insanları Məhəmməd Peyğəmbərə məsxərə edir, onun peyğəmbərliyini qəbul etmirlər.
Bu fakt göstərir ki, bəşəriyyət durduqca, kafirlər meydana çıxdıqca yalnız Məhəmməd Peyğəmbər məsxərə obyekti olacaq. Çünki O, Allahın son peyğəmbəridir və hər bir dövrün kafirləri üçün o dövrün yeni peyğəmbəridir. Bu gün Avropa islamlaşır və Məhəmməd Peyğəmbər Avropada yeni peyğəmbər (tanınmağın yeniliyinə görə) kimi tanıdılmağa başlayır. Yəni İslam üçün minillər bundan öncə peyğəmbərliyi qəbul edilmiş Məhəmməd Peyğəmbər Avropa kafirləri üçün Avropanın islamlaşmasında yeni peyğəmbərdir. Bu, Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, onun təhqir olunması, məsxərə hədəfinə çevrilməsinin formal dini izahıdır.
Dünyəvi izah belədir ki, dini hisslərin təhqir edilməsi ilə İslam tərəfini təxribata çəkmək, öz siyasətləri üçün islamafoblardan tərəfdar toplamaq və ona qarşı geniş cəbhə boyu hücuma keçmək üçün əsas hazırlamaqdır.
İkinci yanlışlıq terroristlərin bu hadisəni törətməsi ilə bağlıdir: Qurani-Kərim cəzanın, xüsusən dinlə bağlı cəzanın axirətdə yalnız Allah-təalanın özünün verəcəyini bəyan edərək insanların dini məsələlərlə bağlı öz hökmləri ilə cəza vermələrini qadağan edir. Başqa sözlə, terror nə dünyəvi, nə ilahi mühakimə ilə sanksiyalamamış zorakılıq hərəkəti kimi İblisə uymaqdır. İslama görə, terror bir sərhədsiz zorakılıq hərəkəti kimi günahdır və Allahın Qurani-Kərimdə elan etdiyi hədləri keçməkdir. Qurani-Kərimin “Maidə” surəsinin 28-ci ayəsində Qabilin nəfsinə görə öldürmək istədiyi qardaşı Habil deyir: “Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan, mən səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”. Bu ayədən görünür ki, İslama görə insan öldürmək ən böyük günahdır və Allahdan qorxanlar öz iradələrı ilə adam öldürməməlidirlər. Bu surənin 33-cü ayəsində bəyan edilir: “Həqiqətən, Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının çalın-çarpaz kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır”. Bu cəzalar yalnız şəriət məhkəmələrinin hökmü ilə və səlahiyyəti olan şəxslər tərəfindən ICRA oluna bilər. İslam heç kəsə özü mühakimə yolu ilə cəlladlıq funksiyasını yerinə yetirməyə icazə vermir və bu həddi aşmaq kimi günah hesab edilir. Belə halda şəriət məhkəməsinin hökmü olmadan hökm cıxarmaq şəriət məhkəməsi tərəfindən cəzalandırılır. Türk Osmanlı tarixində bununla bağlı çox parlaq bir nümunə vardır. Sultan Fateh İstanbulun mühasirəsi zamanı bir nəfərin yanlış hərəkətinə görə əllərini qılıncla kəsir. Həmin şəxs başqa dindən olsa da, İslam kadisinə müraciət edir. Kadi şəriət hökmü olmadan Sultanin özbaşına cəza verdiyinə görə, əvəzçıxma kimi onun hər iki əlinin kəsilməsi haqqında qərar çıxarır. Əlləri kəsilmiş şəxs bunu gördükdə “əgər sizin dininiz bu qədər ədalətli və hamı onun qarşısında bu cür bərabərdirsə və hətta sultan da ona tabe olursa, onda mən öz şikayətimdən imtina etdim və sultanı bağışladım” deyir və Sultanı əllərinin kəsilməsindən qurtarır. Sonra Sultan Fateh kadiyə deyir ki, əgər sən mənim haqqımda belə bir hökm çıxarmasaydın bu qılıncla boynunu vuracağıma and içmişdim. Kadi də deyir ki, əgər sən məhkəmənin çağırışına uyub məhkəməyə gəlməsəydin bu toppuzla özüm sənin başını dağıdacaqdım.
Bu olmuş hadisə İslamda özümühakimənin ciddi günah olduğunu göstərir.
Beləliklə, peyğəmbərin təhqir edilməsi müsəlmançılığa görə nə qədər xoşagəlməz hadisədirsə, terror ondan da ciddi günah hadisəsidir. Peyğəmbərin müsəlman tərəfindən məsxərəyə qoyulması şəriət qanunlarıyla cəzalandırıla bilər. Lakin İslamdan kənar şəxslərin – kitab əhlinin və ya kafirlərin peyğəmbəri məsxərəyə qoyması onun peyğəmbərliyinin dəlili və subutu kimi dəyərləndirilməlidir və şəriət qanunlarına görə, İslam dinini qəbul etməmiş birisinin İslam qanunlarına görə məsuliyyət daşıması absurddur.
Qurani-Kərim müsəlmanlara peyğəmbərlər arasında fərq qoymamağı və Məhəmməd Peyğəmbərdən əvvəlki peyğəmbərlərin hamısına itaət etməyi və onlara iman gətirməyi əmr edir. Ona görə də müsəlmanlar Musa və İsa peyğəmbərlərə Məhəmməd Peyğəmbərə sayğı göstərdikləri kimi sayğılı davranırlar. Kafirlərə gəldikdə isə, Qurani-Kərim onların bütlərinin təhqir edilməsini belə qadağan edir. Buna görə də, kafirlərlə mübahisə zamanı onların inanclarını alçaldan söz deməkdən çəkinməyi əmr edir. Xristianlıqda və yəhudilikdə belə bir qadağa yoxdur. Bu da Məhəmməd Peyğəmbərin karikaturasını çəkməyə görə yəhudilik və xristianlığa görə məsuliyyət yaratmır. Buradan da görünür ki, peyğəmbərin karikaturasının çəkilməsinə görə müsəlman gənclərin atdığı addım İslam dininin tələblərinin kobud surətdə pozulması deməkdir.
İnsanların dini inanclarından geopolitik oyunlarda istifadə olunur
Üçüncü yanlışlıq bu hadisəyə Qərb dairələrinin verdiyi reaksiyadir. Əvvəla, bu terror hadisəsindən sonra Avropanın siyasi liderlərinin Parisdə təşkil olunan etiraz aksiyasında iştiraki bu terror hadisəsinin siyasiləşdirildiyini bariz şəkildə nümayiş etdirir. Bir neçə il bundan öncə Norveçdə 75 nəfər gəncin ölümünə səbəb olan radikal millətçi terroristin törətdiyi hərəkətlə bağlı nəinki Avropa ölkələrinin liderləri, hec Norveçin öz siyasi liderləri belə küçələrə çıxmadı və bu məsələni siyasiləşdirməyə imkan vermədilər. Baxmayaraq ki, Norveç terroristi cəmi iyirmi il həbs cəzası aldı, həbsxanada hüquq fakültəsinə daxil odu və həbsxananın şəraiti onun arzusuna uyğun dəyişdirildi, Fransa hadisəsində isə terroristlər məhkəməsiz öldürülsə də, onların yaxınları həbs olunsa da, hələ də bu hadisə ilə bağlı reaksiya davam etdirilir və peyğəmbərin təhqiri ümumAvropa kompaniyasına çevrilib. Bu hadisəni qınayanlar əks tərəfin hərəkətini nəinki qınamırlar, əksinə haqq qazandırırlar. Hətta ABŞ rəsmi nümayəndələri peyğəmbərin ləyaqətinin alçaldılmasına mətbuat və söz azadlıgı ilə haqq qazandırırlar. Bu zaman hüququn belə bir prinsipi unudulur ki, bir hüquq başqa hüqüqun sərhədində öz gücünü itirir.
Bu gün söz və fikir azadlığı adı altında necə ki, insanların mənzil hüququnun toxunulmazlığı, şəxsi həyatın toxunulmazlığı, azadlıq hüququ, günahsızlıq prezimpsiyası qorunur, eləcə də söz və fikir azadlığından vicdan azadlığı hüququ qorunmalıdır və heç bir halda söz və fikir azadlığının vicdan azadlığının təsir dairəsinə daxil olmasına haqq qazandırılmamalıdır. Bu cür ikili standartın acı nəticələri hamıya - həm müsəlmanlara, həm də qeyri-müsəlmanlara çox baha başa gəlsə də, hələ də yanlış siyasət davam etdirilir və insanların dini inanclarından mürəkkəb geopolitik oyunlarda istifadə olunur. Bu, olduqca təhlükəli oyundur. Hər bir adam - istər jurnalist, istər sadə vətəndaşlar, istərsə ölkə prezidenti olsun, mədəniyyətlər qarşıdurmasına səbəb olacaq addımlardan çəkinməlidir.
Düzgün yanaşma necə olmalıdır? Hər iki hadisəyə hüquqi və mənəvi qiymət verilməli, terror və insanların dini inanclarının məsxərəyə qoyulması qınanmalı, bu cür hadisələrin bir daha baş verməməsi üçün ciddi addımlar atılmalıdır. Unutmaq olmaz ki, terrora qarşı mübarizə terrora verilən bəhanələr qaldıqca effektli olmayacaq. İnsanları terrorist qruplarn təsirindən xilas etmək istəyiriksə onları öz insani təsirimizə salmalıyıq.