|
Ruslan İzzətli
Hər kəsin bir yurdu, bir obası var. Mənimsə taleyimə qara hərflərlə köçkünlük yurdu yazıldı - qaranlıq bir dövrə qədər...
O oba, o yer isə xəyallarımda, balaca dünyamın böyük arzularında qaldı. Kim bilir, bir də Bakı-Ağdam qatarına nə zaman bilet almaq olacaq?
Mən o qatarın yola düşəcəyi günü hər an gözlədikcə, yaşıdım isti ocağında oyuncaq qatarlar sürürdü. Və bilmirdi ki, məni kimi minlərlə o qatarın dalınca baxan uşaqlar var: vaqonlarda, çadırlarda, çöllərdə...
O zamandan mənim üçün ən doğma məkan vaqon idi. Bəlkə də, Bakı-Ağdam qatarının xəyali mənzərəsini yaradırdım. Bu vaqonlar evimiz, beşiklərimizin asıldığı məkan olanda, öz evimiz isə işğalın qurbanı oldu. Nəydi günahı o evin?
Hər dəfə kimlərsə bizə baş çəkirdi; kimisə yardım verirdi, kimisi təsəlli... Zaman gəldi həyatımızda, o yardımlar da kəsildi, təsəllilər də... Bizi təsəllilər də ovuda bilmirdi, yalanlara da inanmamağa başlamışdıq. Hərçənd, o zaman yalanlar şirin idi, eşitmək istəyirdik ki, oturduğumuz bu vaqonların təkərləri hərəkətə gələcək – Ağdama doğru...
Toylarda, şad günlərdə hər kəsin bir böyük arzusu var idi - o ellərə qayıtmaq. Bir zamanlar bu arzular real görünürdü. Bu arzu deyiləndə gözlərdən yaş axır, ürəklər ağrıyırdı. Ağrılar, ağrılar...indi içimizdə qovrulub yandığımız, yarası hər yada düşəndə qanayan bu dərdin əzablarına təsəlli də yetmir. Nə deyək, gələn bayramı Şuşada, Xankədində, Ağdamda keçirəcəyik?
22 ildir, eyni arzu, eyni dilək, ya aldanışdır, ya nakam arzu...
22 il qabaq doğulduğum, amma yaşaya bilmədiyim Ağdamı tərk etdim. O gündən bir ağrılı həyat yaşamağa başladım -köçkünlük həyatı. Hər dəfə məktəbdə seçilirdim, çünki mən köçkün idim, yad idim... Bu hissləri mənim kimi köçkünlük həyatı yaşayanlar anlayar.
Biz babalarımızdan bizə miras qalan bu torpaq ağrısını, yurd həsrətini gələcək nəsillərə ötürməməliyik. Ötürsək, tarixi cinayətdir.
İllərdir ağladıq, sızladıq. Biz 22 ildir, bu susqunluğa son qoymalı, öz yurdumuzu özümüz azad etməliyik. Kimlərisə gözləməməliyik ki, bizə Qarabağı azad etsin. Dünyaya hər gün bir insan Qarabağsız gəlir, bir insan hər gün Qarabağsız dünyadan köçür. Necə ki, neçə il bundan əvvəl Ağdamdan gələn babam və nənəm, yaxınlarım Qarabağsız dünyadan köçdü...