|
Aqil Camal
Yaxud, Azərbaycan yad ideologiyalar və mübarizələr üçün "poliqon" deyil
Məlum olduğu kimi bu il noyabrın 26-da Bakının Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədənlər MTN-nin keçirdiyi uğurlu əməliyyat nəticəsində tutulub. İfşa olunanların kimlikləri açıqlanarkən, bu, cəmiyyətdə bir qədər şok effekti yaratsa da, "niyyətin hara, mənzilin ora" məsəli yerinə düşdü.
Bir müddətdir özünü cəmiyyətə, ətrafına dəliqanlı “PKK gerillası” kimi təqdim edən Namiq Nəsibovun bu gedişlə bir xəta işlədəcəyi gözlənilən idi. Adam İraqı, Suriyanı su yoluna döndərmişdi. Ərbildən vurub Kobanidən çıxır, Türkiyədə, o cümlədən, Azərbaycanda bölücü-terrorçu kimi tanınan adamlarla boy verib şəkil çəkdirirdi.
Belə səfərlərin birindən sonra N.Nəsibov hesab edir ki, Suriyada, İraqda yaşanan insanlıq dramının, xaosun, vahimənin nümunəsini artıq Azərbaycanda da yaratmaq olar.
Bakıda "Yekbun" adlı terror təşkilatı qurur. Və təşkilatın "siftə"sini eləməyə qərar verir...
Qeyd edək ki, N.Nəsibov və bir neçə onun düşüncəsində olan adamlar özlərini Azərbaycanda yaşayan kürdlərin liderləri kimi hiss edir, bu toplumu kənardan gətirdikləri yad nəfəslərlə başqa səmtə yönəltməyə çalışırlar. Bu məqsədlə xüsusi təşkilatlanma tədbirləri həyata keçirirlər.
Azərbaycanda bütün dini konfensiyalar, etnik qruplar bərabər hüquqları, azadlıqları paylaşaraq birgə dinc şəkildə yaşayır və fəaliyyət göstərirlər. O cümlədən də kürdlər. Dövlətin, dövlət qurumlarının milli, etnik azlıqlarla bağlı siyasətində, onların maddi, mənəvi cəhətdən dəstəklənməsində bu toplumun da payı var. Misal olaraq, hər il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası "Ronahi" Kürd Mədəniyyət Mərkəzinə öz missiyasını həyata keçirmək üçün maliyyə yardımı ayırır. Mərkəz ölkə miqyasında təşkil olunan mədəni tədbirlərdə təmsil olunur. Bir sözlə, hər bir vətəndaş kimi, kürdlər də bu ölkənin səfasını da, cəfasını da xalqla birlikdə çəkirlər. Ona görə də, gedib Türkiyədə, İraqda, Suriyada bölücü-terrorçu dairələrin təsirinə düşərək gəlib Azərbaycanda özlərini hansısa etnik qrupun sözçüsü sayanların bunun üçün heç bir əsası, haqqı və hüququ yoxdur.
Ümumiyyətlə, başqa bir ölkənin, xalqın başqa bir dinin, məzhəbin qovğası Azərbaycanda dartışıla bilməz. Mübahisə, mübarizə səbəbi ola bilməz.
Bu gün üçün Azərbaycan dövlətinin bir strategiyası, Azərbaycan xalqının bir mübarizəsi var - İşğal edilmiş torpaqları üzərində suverenliyini bərpa etmək. Azərbaycanda yaşayan, Azərbaycanın pasportunu cibində gəzdirən, mübarizə, mücadilə aparmaq istəyən hər bir şəxs üçün də - dini və milli mənsubiyyətindən asılı olmayaraq, yalnız bir hədəf var. O da işğalçı Ermənistan. Başqa, davaları bu ölkəyə transfer etmək istəyənlərin niyyətləri isə gözlərində qalacaq. Elə namiq nəsibovlar kimi.
MTN-nin yaydığı məlumatda bildirilir ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib, Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə "PKK" terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıb.
Ümid etmək olar ki, istintaqçılar terror təşkilatında təmsil olunmuş digər şəxsləri də aşkara çıxarıb məsuliyyətə cəlb edəcəklər. Ki, Azərbaycanda xam xəyallarla yaşayan digərləri də ağıllarını başlarına yığsınlar!