|
Eldəniz Quliyev
Həqiqətən, hər sonun bir əvvəli olduğu kimi, hər əvvəlin də bir sonu olurmuş. Nəhayyət ki, ölkəmizin rəzil günə düşməsinin baiskarı tapıldı! Sən demə, hər şeyin günahkarı şəxsən Leyla Yunus imiş! Gör bu qadın necə maskalanıb-qrimlənibmiş ki, heç kimin ağlına da gəlməyib ki, günü-gündən çiçəklənən korrupsiyanın, məmur özbaşınalığının və məkrli dələduzluqların ideya müəllifi məhz Leyla Yunus imiş! Ölkənin nemətlərini - neftıni su qiymətinə, qazını keçi qiymətinə satıb-satdıranların da başında Leyla Yunus özü dayanırmış!.. Yaltaqlıq, yalaqlıq, yalançılıq və işverənlik virusunu da, sən demə ölkəyə Leyla Yunus yayırmış. Vallahi, adamın lap matı-qutu quruyur; yatıb heç yuxuda da görə bilməzdik ki, “Sülh və Demokratiya “ deyən bu cılız əndamlı hüquq mqdafiəçisi ölkədə keçirilən seçkilərin total saxtalaşdırılmasında baş rollardan birini oynayırmış.
Hələ bunlar nədir ki?.. Deməyəsən, Azərbaycanın narkotika tranzit ölkəsinə çevrilməsinin, tonlarla narkotikin, az qala rəsmi şəkildə, ölkədə saflaşdırılıb-qablaşdırılıb rahat- lukum təki sərhəddən digər ölkəyə keçirilməsi əməliyyatının konsepsiyasını, strategiya və taktikasını Yunus hazırlayıbmış. Sən bir bu qadında hünərə, cəsarətə bax!.. Məlum olmuşdur ki, dünən tikilən binaların bu gün uçmasına, bu gün salınan yolların sabah dağılmasına, büdcəni dədə malı kimi talayan təpəgöz məmurların gülməşəkər balalaları üçün avtoşluq-qudurğanlıq dərsi keçirilməsinə rəvac verən Leyla Yunusun özü imiş! Sən demə, o, bəzi-bəzi sadəlövh adamları məxvi əməkdaşlığa cəlb edərək mandat bazarlığı yapmaq və bundan küllü miqdarda-milyonlarla ölçülən- gəlir əldə etmək işinə rəhbərlik edirmiş. Və bütün bu hiyləgər əməllərini vergidən yayınaraq həyata keçirirmiş! Bunlar azmış kimi, L.Yunus bəzi-bəzi beynəlxalq təıkilatlarla separat danışıqlara getmiş və ölkəmizin imicinə, müvafiq olaraq, dövlətimizin beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına ağır zərbələr vuran pozucu fəaliyyətlə məşğul olmuşdur. Onun məhz bu sayaq konsperativ fəaliyyəti nəticəsində, hakimiyyətin ən ümdə arzusu və ən ülvi istəyi olan “avtoritarizmdən demokratiyaya keçid siyasəti”nə ciddi əngəllər törənmişdir.
Leyla Yunus ölkənin demokratikləşməsi məsələsinə də kifayət qədər manelər yaratmağa müvəffəq ola bilmişdir. Belə ki, o, söz, vicdan, fikir, əqidə azadlığı, şəxsiyyətin toxunulmazlığı, ləyaqətin qorunması və s. məsələlərdə bacardığı –bacarmadığı ziyanəvərliklər etmiş, hakimiyyətə hüquqi və demokratik islahatlar keçirməyə imkan verməmişdir. Bu eynəkil, sarışın, cılız əndamlı, bəzən dəlisov, bəzənsə yazıq (yazıq ilan vursun onu!) qadın, sən demə, ətrafına qara niyyətli qüvvələri toplayaraq azad düşüncəli insanları – “demokratiya “ deyən müxalifətçiləri, “bissimillah” deyən dindarları, “ədalət” deyən aydınları və haqqını tələb edən sadə insanları şərləyib-şəbədələyib həbs etdirirmiş. Sözünə-söhbətinə, yazısına-pozusuna və siyasi-dini mənsubiyyətinə görə neçə-neçə adama neçə-neçə və necə-necə (!) işlər kəsdiribmiş!..
Sən demə, məhkəmə hakimlərinin rüşvət və sifarişlə hökm çıxarmaları, polislərin sabitliyi qorumaq əvəzinə, fərqli düşünən müxalif mövqeyli vətəndaşların cibinə narkotik atmaları birbaşa Leyla Yunusun şəxsi göstərişi, tapşırığı ilə reallaşırmış! Sən demə, 20 ildən artıq müddətdə Qarabağ düyününün açılmaması, bu illər ərzində 1 metr belə olsa torpağımızın azad edilməməsi, danışıqların dalana dirənməsi, atəşkəs dövründə saysız-hesabsız şəhid verməyimiz, qaçqın-köçkünlərimizin acınacaqlı psixoloji durumda yaşamaları və sair və ilaxır – bütün bunların səbəbkarı, baiskarı , üstəlik günahkarı məhz Leyla Yunus imiş!
Sən demə o, həyat yoldaşı Arif Yunusla bir yasdığa baş qoyanda ancaq və ancaq dövlətə təxribat etmək və badalaq vurmaq haqda müxtəlif planlar cızırmışlar,- yəni necə eləyək ki, bu hakimiyyət öz siyasətini dəyişsin, habelə necə eləyək ki, öz siyasətini dəyişmək istəməyən bu inadkar hakimiyyətin özünü dəyişə bilək?.. Xülasə, Leyla Yunusun iştəklərinin sayını sonsuzluğa qədər uzatmaq olar, amma nə xeyri?! Elə bu sadaladıqlarım da bəsdir ki, o, daş-qalaq olunsun,boynu vurulsun, dar ağacından asılsın, güllələnsin
P.S. Sözün doğrusu, bütün bu məsələlərdə iki şey mənə qaranlıq qalır: birinci, necə olur ki, bu qədər xəyanət etmiş birisi on-on beş yaltaq-yultağın nifrətini, milyonların isə sevgisini qazanır? Yəqin bu, bir sirri-Xudadır. İkincisi, Leyla Yunusun əməlləri doğrudanmı vətənə xəyanət kimi tövsür olunmalıdır? Axı inkarolunmaz bir fakt var: dövlətin yüyəni yalnız qudurğan dövlətlilərin əlində olanda - Dövlətçiliyin başına daş düşər! Bu belədirsə, yəni bu dövlətin başına həqiqətən daş düşübsə, onda deməli dövlət yox kimi bir şeydir. Yox kimi olan bir şeyə isə xəyanət etmək qeyri -mümkün işdir. Yəni, sözümün canı budur ki, Biz Leyla Yunusu bəşəriyyətə , dünyaya, nəhayyət yer kürəsinə, lap belə kainata, qalaktikaya xəyanətdə suçlaya bilərik, - amma dövlətə xəyanətdə yox!