|
Məhərrəm Hüseynli
Azərbaycan tarixində pozulmaz adlardan biri də böyük içtimai-siyasi xadim, tanınmış şərqşünas alim, qorxu bilməz şəxsiyyət Əbülfəz Elçibəydir. Mən onun haqqında yaşımın erkən çağlarında çox eşitmişdim. Əbülfəz Elçibəy haqqında fikir söyləyənlər deyirdilər ki, Elçibəy savadl, şüurlu, hər şeyin yerini bilən, millətini canı qədər sevən adamdır. Onu nə sovet rejimi, nə həbsxana divarları, nə işsizlik və aclıq qorxuda bilmədi. Doğrudan da Əbülfəz bəy bütün varlığını böyük öndərimiz M.Ə.Rəsulzadənin gövhər qiymətli ideologiyasının təbliğatının davamına sərf etmişdir. Sovet şovinistlərinin qapazaltı köləliyindən çıxmaq üçün ilk dəfə indiki Bakı Dövlət Universitetində (BDU) işlədiyi bir dövrdə onlarla insanı ətrafında toplayaraq inqilab qığılcımına çevrmişdir. Hansı ki, sovet DTK-sının güclü nəzarəti və təqibləri zamanı belə bir çətin işə hər adam çəsarət etmədiyi halda o, bunları edirdi.Tələbə və müəllimlər arasında azadlığımızın, demokratikliyimizin barəsində böyük təbliğat aparırdı. Düzdür, onu DTK-nın əli ilə həbs etdilər. Qaradağ daş karxanasında ən çətin fiziki işdə işlətdilər. Bir Əbülfəz Elçibəyin müqabilində yüzlərlə insanı haqqı deməməyə səslədilərsə də haqq öz yerini aldı. Onun yeganə məqsədi Azərbaycan xalqını azad və müstəqil görmək idi. Nəhayət, çox keçmədi ki, Elçibəy azadlıq carçılarının ən böyük öndərinə çevrildi. Xalqın öz içərisindən çıxmış sağlam və düşünən insanlardan ibarət ilkin olaraq böyük bir siyasi təşkilat yarandı.
İlkin olaraq böyük vüsət alan Azərbaycan Xalq Cəbhəsinin (AXC) məhz Əbülfəz Elçibəyin namizədliyini irəli sürdü və o, Azərbaycan respublikasının Prezidenti seçildi. Gəlin etiraf edək ki, bu elə bir dövr idi ki, ölkəmizdə xaos, hərc-mərclik, elan edilməmiş müharibə, rus qoşunlarının Azərbaycanda hegomonluğu, respublikada ayrı-ayrı quldur dəstələrinin (Surət Hüseynovun, Əlikram Hümbətovun və s.), böyük iddia sahiblərinin tuğyan etdiyi vaxt idi. Onları yerində oturtmaq üçün sadə, ağıllı, vətəninin hər bir fərdinə ata münasibəti göstərməyi vacib bilərək əllərini qardaş qanına bulamadı. Əbülfəz Elçibəyin yerində kim olsaydı vəzifəsinə, adına, tutduğu mövqenin xatirinə surətlərin, əlikramların əksəriyyətini yer üzündən silə bilərdi. Lakin o, xalqını əmim-amanlığını öz vəzifə kürsüsündən üstün tutmağı bacardı, vətəndaş müharibəsinin qarşısını almaq üçün öz prezidentliyindən vaz keçdi.
Əbülfəz Elçibəylə olan bir xatirəmi xatırladıram. Mən BDU-da oxuduğum illərdə mütəmadi olaraq aşıq və şairlərin müəllim və tələbələrlə görüşlərini təşkil edirdim. Növbəti görüşlərimizin birini Türk dünyasının böyük ozanı Mikayıl Azaflı ilə təşkil etmişdim. Bu görüşə nəinki BDU-nun, eləcə də AMEA-nın, ATU-nin müəllim və tələbələri də eşidib gəlmişdilər. Mərhum dostum şair Ağamalı Sadiq qayıtdı ki, Məhərrəm, Əbülfəz bəylə yaxından tanışlığınız varmı? Mən isə “yox, adını eşitmişəm, amma yaxından tanış deyiləm” deyə cavab verdim. Qayıtdı ki, onda tanış olun, Əbülfəz Elçibəy bu kişidi. (O vaxtı kimsə bir-birinə bəy deyə müraciət etmirdi). Biz tanış olduq. Sonra Elçibəy mənə bu sözləri dedi: “Bu Mikayıl Azaflı çox millətçi, haqqı deyən, qorxu bilməz və kimsəylə əvəz olunmaz bir sənətkardır. O, aşıq böyükdür ki, o haqqın carçısıdır, ölkəsində gedən içtimai, siyasi, maddi və mənəvi hadisələri görür, dərk edir və onu qələmə alır. Çalış sən də ustadına oxşa ha...”
Bu söhbətdən sonra Əbülfəz bəyin sorağını daha möhtəşəm toplantılardan, yüksək dövlət rəhbərliyindəki fəaliyyətindən eşitmişəm. Bu gün M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Hüseynzadə və adını çəkmədiyim yüzlərlə tanınmışların əməli fəaliyyəti kimi Ə.Elçibəyin də çox dəyərli ömür yolu bir insan kimi, alim kimi, türkçü kimi, bütöv şəxsiyyət kimi hər birimizə örnəkdir. Gələcək nəsillər bilməlidir ki, Əbülfəz Elçibəy kimi əməlisalehlər ölümsüzlüyünü sağlığında qazananlardandır.
Məhərrəm Hüseynli
Aşıq-şair, publisist
Mənbə: TÜRKÜSTAN qəzeti 23-29 İyun 2013 xüsusi buraxılış.