Fazil Mustafa

Ölkəmizdə ictimai şüurun səviyyəsini testdən keçirmək üçün xüsusi ixtisaslaşmağa gərək yox. Min il, yüz il, on il öncə də belə olmuş. Dəyişən sanki informasiyalardır, mühakiməmiz, faydamıza olanların zamanında seçimi yenə də bərbad gündədir. Hansı mütərəqqi fikir, ideya varsa, din, milli adət, ar-namus adı ilə beləcə qarşısı alınıb. Görün qaragüruh nədən başlayıb. Hamısı da guya ayrı-ayrı cinahlarda, statuslardadır, ancaq təyinatları birdir: İnsanların faydasına nə varsa onun qarşısını almaq. Biz deyirik ki, insanların acılı günlərində maddi qayğılarını yüngülləşdirək, kiminsə meyidinin üzərindən xoşallanaraq qarın doyuzdurmaq kimi görünüşdə milli, həqiqətdə isə anti-milli adətimizə son qoyaq, müqavimət göstərirlər ki, repressiyaya, məcburiyyətə yol vermək olmaz. Adamlar, sanki xoş bir gündə sevinməkdən çox, bu sevinci başqalarına göstərmək, nümayiş etdirmək, başqalarının gözünə soxmaqdan həzz alırlar. Adamlar sanki kədərlənməkdən çox, başqalarında kədər aurası yaratmağı düşünürlər. Dini Komitənin yeni rəhbəri Mübariz Qurbanlının bəlkə də bir çox siyasi görüşlərini paylaşmıram. Ancaq insanların vəziyyətini yüngülləşdirmək üçün hüzr mərasimləri ilə bağlı təkliflərini mütərəqqi, doğru olduğuna görə dəstəkləyirəm. İndi də (Hacı) Əbdül deyilən bir məxluq, xalqın adətlərinin təəssübünü çəkərək, bildiyim qədər heç dindar olmayan ziyalı bir komitə sədrini də vəhabi adlandırıb. Demək ki, bu tendensiyanın sifariş məkanı eynidir. Həyasızlığın bundan o tərəfi varmı? Heç başqa ölkələrə baxmaq lazım deyil. İran kimi İslam dininin mərasim tərəfinə ağırlıq verən bir ölkədə belə, bu cür abırsız yas məclislərinə rast gəlməzsiniz. Adamlar yığışıb məsciddə cənazə namazını qılıb, ev yiyəsinə başsağlığı verib dağılışırlar. “Dana kəsməsən, aş verməsən çıxıb getməyəcəyəm!” deyən bir kimsə tapılmaz. Adama deyərlər ki, heç olmazsa xidmətində olduğunuz qonşu ölkədəki qaydaların Azərbaycanda tətbiq olunmasına mane olmayın! Bəlkə İranda da israfçılığa mane olan ayətullaları vəhabi adlandırasınız? 
Bizdəki cahillərin çoxusu Ehsan məsələsinə, elə Hacı məsələsi kimi baxırlar. Ehsan səmimiyyətdir, gülər üzdür, xoş sözdür, dərdə şərik olmaqdır, dərd çəkənə yardım etməkdir. Bunlar ehsanı ancaq aş şəklində, kabab formasında görürlər. Eyni qaydada Hacı adını da Allahın razı qaldığı ibadətin nəticəsi kimi deyil, bəndə qarşısında mötəbərliliyi təsdiqləyən titul kimi baxırlar. Mahiyyətinə baxsan, Azərbaycan qədər Hacı adının saxtakarcasına titula çevrildiyi ikinci ölkə tapmaq çətindir. Hətta vəziyyət o həddə çatmışdı ki, bu gün özünü mütərəqqi azadlıq mücahidi bir ziyalı elan etmiş birisi, oradan-buradan köçürdüyü məqalələrin altında Kərbəlayi Kamil Vəli Nərmanoğlu yazırdı. Bu adamların böyük əksəriyyəti yanlış-doğru ibadətlərini yerinə yetirən kimi, öz şəxsiyyətlərinə, əməllərinə güvənməyəndə, titullarla mötəbərlik qazandıqlarını düşünürlər. 
Baxmayaraq ki, bu mövzuda illərdir fikirlərimi açıq səsləndirirəm, həm yas, həm də toy mərasimlərində mədəniyyətsizliyin, israfçılığın, bütpərəstliyin, harınlığın ortadan qalxacağına bəlkə də ən az inanalardan biriyəm. Çünki hər ikisi ayrı-ayrılıqda böyük bir biznes şəbəkəsidir və insanları üzlərinə gülə-gülə soyub- talayanlar, imtiyaz sahibləridir. Bir ucu da gedib çıxır inhisarçılığa. Müəyyən sahələrdə inhisarçılıq aradan qaldırılan kimi, Şadlıq Evləri deyilən soyğunçuluq məkanları öz möhtəşəmliyini itirib, sıradan bir mədəni xidmət yerinə çevriləcəklər. Bununla belə, yuxarıdan bu sahəni tənzimləmək üçün hansı qərar verilirsə verilsin, cəhalətin yayğın olduğu cəmiyyətlərdə yenə də (Hacı) Əbdüllərin düşüncəsi qalib gələcəkdir. İnsanlar öz xeyrinə olan addımları aktiv dəstəkləməyincə, cəhaləti, israfçılığı təşviq edənləri öz məclisindən qovmayınca, bu cür məkanlarda tədbirllər keçirməkdən imtina etməyincə, bir şeylər dəyişməyəcək. Unutmayın, dövlət idarəetməsində bir xarakterik xüsusiyyət var: Çoxluq demokratiyaya hazırdırsa, qərarlar bu yöndə olacaq, çoxluq dürüst yaşamağa meyllidirsə, korrupsiya azalacaq, çoxluq cəhalətə meyillidirsə, başı ağrımasın deyə, dövlət özü də cəhaləti özünə zərər verməyəcək səviyyədə qoruyub saxlayacaq. Hələ də bizim mentalitetimiz Xudu Məmmədovların ağlının təməlinə deyil, (Hacı) Əbdülün şallağının komikliyinə söykənir. Böyük düşüncə adamımız olan Xudu Məmmədov (vəhabi və ya nurçu adlandırsanız, nəzərə alın ki, 26 il öncə dünyasını dəyişib) elə-belə demirdi ki: “Cəmiyyət, təşkilat insanlar arasında əlaqələrin yaratdığı şəkildir. İnsanlığa ən böyük xidmət, bu şəkli mükəmməlləşdirməkdir. Mükəmməl individ köhnə əlaqələri yeniləri ilə əvəz etmir, yenilərini yaradır, köhnələrin isə təbiətini dəyişdirir.” İndi hər şey tərsinə baş verir. (Hacı və ya Məşədi və ya Kərbəlayi) Əbdülün obrazında köhnələr, yeniləri yaratmaq istəyənlərin təbiətini dəyişmək üçün birləşirlər.
Molla İbrahimxəlil kimyagər, ölü dirildən Şeyx Nəsrullah, meyxanaçı Molla Sadıq, Hacı şallağı vuran Əbdül...Dinimizin öncülləri bunlar olanda, cəmiyyətin tələbatı dəyişməyəcək. Min il, yüz, il, on il öncəki kimi...
Düşünürəm ki, bəlkə də Əbdül cəmiyyətimizin nə istədiyini bizdən daha doğru görür? Axı onun kimilər danışa bilirsə, ittiham edə bilirsə, ad qoya bilirsə, ona bu meydanı verən bir sürü insan yığını mövcuddur demək. Öz faydasına olan addımları susqunluqla qarşılayan, zərərinə olanları inadla qucaqlayıb qoruyan bir cəmiyyət, bəlkə həqiqətən də Əbdülün şallağına tamarzıdır? 
Pis orasındadır ki, Əbdülün şallağını gerçəkləşdirdiyi qamçı da ya İranskidir, ya da Kiyatski. Milli qamçımız da deyəsən, hələ ki, istehsal olunmur. Anlaşılan budur ki, milli qamçımız olmasa da, Əbdülümüz və onun şallağı həmişə olacaq. Həm də uzun illər çox-çox olacaq...

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti