|
Gültən Qədirli
Məncə bu barədə çoxları fikirləşib. Çünki hər kəs nə vaxtsa etdiyi səhvi indi düzəltmək istəyir və fikirləşir ki, zamanı geri qaytarmaq olsaydı onda həmin səhvi etməzdi.
Zamanı geri qaytarmaq olsaydı mən üzünü gormədiyim babamın son günlərindən birini geri qaytarardım… Mənim dünyada olmadığım günlərdən birini geri qaytarardım – babamı görmək üçün! Darıxanda həmin günün içində gizlənib babamla bir gün yaşayardım.
Zamanı geri qaytarmaq olsaydı on il əvvələ qayıdardım – atamın sağ olduğu bir günü geri qaytarardım – onda heç vaxt özümü atasız hiss etməzdim!
Zamanı geri qaytarmaq olsaydı nənəmin cavanlıq günlərindən birini bu günə gətirərdim. Nənəmin cavanlığı ilə onun bu gününü görüşdürərdim – nənəmin cavanlığını heyrətləndirərdim.
Zamanı geri qaytarmaq olsaydı… uşaqlıq illərimi geri qaytarıb anamı incitdiyim anları o günlərin içindən çıxarardım – belə olsaydı anamın saçındakı ağ tüklərin sayı daha az olardı.
Zamanı geri qaytarmaq olsaydı, bu ilin sentyabr ayının 18-ini geri qaytarardım. Sevimli Elnarə müəlimə ilə bir şəkil çəkdirərdim…
Zamanı geri qaytarmaq olsaydı…Bəlkə də geri qaytardığım o günlərin birində elə keçmişə qayıdardım..