|
Elmin şirinov
Yalanın böyüyü-kiçiyi olmur.Yalan yalandır və hər an insanı təqib edən dəhşətli təhlükədir.Təəssüf ki, bir çoxları bunun fərqində deyillər. İnsanın bir başqasını aldatması bir faciədirsə, özünü aldatması ikiqat faciədir. Maraqlıdır, yalanla əldə olunan istənilən nəsnə, nə qədər real ola bilər? Mümkündürmü? Deyil, təbii ki…
İndi keçək əsas məsələyə. Azərbaycanda əlini, qolunu sallayaraq gəzən cinayətkarlar kimlərdir? Onları hamımız çox yaxşı tanıyırıq. Bunlar cahilliklərinin və acizliklərinin bədəlini pulla ödəyən rüşvətxorlardır. Nədənsə, rüşvət deyəndə insanın ağlına, ilk olaraq, polis,sonra vətəndaşlara müxtəlif arayışlar verən dövlət orqanlarının məmurları, müəllimlər, həkimlər və digərləri gəlir.
Bəs nə üçün rüşvəti verənlər yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsində qeyd olunan “Aktiv rüşvətxorlar” bu məsələdə kənarda qalıb. Hansı ki, rüşvət alan vətəndaş qədər onlar da məsuliyyət daşıyırlar. Amma bunun fərqində belə deyillər.
Problem də elə bundadır ki, onların, həqiqətən, bir çox hüquq və vəzifələrindən xəbərləri yoxdur. Jurnalist olduğumu bilən bəzi qohumlarım, məni görən kimi, salamsız-kəlamsız dərdlərini xatırlayıb danışmağa başlayırlar.
Bir neçə gün əvvəl daha bir yaxınım: “sən nətər jurnalistsən, uşağı bağçaya qəbul etmək üçün 800 manat pul aldılar bizdən, əlimiz yandı. Niyə yazmırsız belə şeylərdən?”-dedi mənə. Cavab verdim ki, sizin də dediyiniz kimi, mən jurnalistəm, korrupsiyaya qarşı mübarizə idarəsnin müfəttişi yox. Lap tutaq ki yazdım, nəyi yazım? Doğma qohumumun rüşvətxor olduğunu? Üzündə qəribə bir ifadə ilə mənə məsum-məsum baxan qohumum: “bizik rüşvətxor?”- deyəndə, dedim: “Bəs kimdir? Mən bu barədə yazsam, iki tərəfi də məsuliyyətə cəlb edəcəklər. Özü də sizi də ağır cəza gözləyir”. Soruşdular ki, niyə? Dedim: “Xəbərsiz olduğunuz qanunlarımız bunu tələb edir.Və qanunu bilməmək də, sizi məsuliyyətdən azad etmir”.
Özlərini itirən qohumlar etdikləri söhbətdən peşman oldular.Və mən onlara: “Lap yaxşı, yaz deyirsiz, yazım. Mənə hadisə ilə bağlı məlumat və əsas lazımdır. Kim danışacaq bu barədə?”- deyəndə, bir anda səssizlik yarandı və qohumlar biri-birinə baxmağa başladılar. Uzun sürən sükutdan sonra, özlərinə təsəlli verərək: ”Əşşi, haram xoşu olsun, boş ver. De görək, ölkədə nə var, nə yoxee?”
Bildirdim ki, əziz qohumlar, siz ölkədəki vəziyyəti bir kənara qoyub öz vəziyyətinizlə maraqlansanız, Azərbaycanda heç bir problem qalmaz. Bu ölkədə bir əskiklik varsa, bu elə sizin dəyişə bilmədiyiniz düşüncə tərzinizin ucbatındandır. İstənilən qanunsuzluğun aradan qaldırılması üçün həftənin 7 günü sutkada 24 saat çalışan qurumlar var ki, onlardan biri də Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir.Vətəndaş olaraq, o quruma yardım etmək, ilk olaraq, sənin, həm də, ölkən üçün atdığın addımdır. Problemin həllini başqa yerlərdə axtarmaq əvəzinə, sizdən pul tələb edən və alan o məmurla bağlı aidiyyatı orqanlara xəbər verməlisiniz.
Ağızlarını bıçaq açmayan bu insanların, onsuz da, deməyə söz tapmadıqlarını görüb, söhbətimə davam etdim və diqqətlərinə çatdırdım ki, dövlətimizin aradan qaldırmağa çalışdığı problemlərə təkan verən sizin kimi vətəndaşların hesabına başqaları da əziyyət çəkir. Daha bu dövlət neynəsin? Əgər ölkədə 10 məmur rüşvət alaraq qanunu pozursa,100-lərlə sizin kimi vətəndaş da rüşvət verərək qanunları çeynəyir. Halbuki, bir telefonla bütün daşları yerinə oturtmaq da, elə sizin əlinizdədir. Sizin, yəni vətəndaşın ilk addım atması üçün, özündən savayısına ehtiyacı yoxdur. Hətta onlara, Cinayət Məcəlləsinin 311 və 312-ci maddələrini də xatırlatdım:
Maddə 311.Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla, dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma— üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla, beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 3.11.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə; 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.
Ma d d ə 3 1 2. Rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi – min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvətvermə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvətvermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Mən qohumlarıma Cinayət Məcəlləsinin digər müvafiq maddələrindən də danışdım. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin sonunda qeyd olunan “Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvətvermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir” cümləsini də təkrar- təkrar xatırlatdım. Qalanı qaldı qohumlarımın necə yaşamaq istəmələrinə və övladları üçün real, yoxsa yalan dünyanı üstün tutmalarına…
Yer üzündə rüşvət virusunun bulaşmadığı ölkə, demək olar ki, yoxdur. Amma onu da qeyd edim ki, bu “xəstəlik”lə mübariz məsələsində dünyada və ölkəmizdə kifayət qədər uğurlu işlər görülüb və görülməkdədir. Problemin həlli isə təkcə müvafiq orqanlardan deyil, biz vətəndaşların üzərinə düşən məsuliyyətdən də asılıdır. Bunu hamı dərk edə bilsə, nəticə bütövlükdə cəmiyyətimizin xeyinə olar. Dövlətin də, bizim də istəyimiz bu deyilmi?