|
Emin Abbasov
Hanı çempionata sponsorluq eləyən "Topaz"ın verdiyi pullar?
PFL prezidenti jurnalistlərin qarşısına çıxanda inikişafdan, çempionatımızın reytinqindən, klublarımızın Avroliqadakı çıxışlarından elə həvəslə danışır ki... Danışır, danışır, bir də onda ayılır ki, Aslan Şahgəldiyev onun ayağını dümsükləyir. Ki, di bəsdir, dur gedək.
Ramin Musayev çempionatımızdan danışanda adama bir anlıq elə gəlir ki, İngiltərə çempionatından daha sürətli, İspaniya çempionatından daha baxımlıdır bizim Premyer Liqa. Bu da bir bacarıqdır. Hər adam bunu bacarmaz, əmin olun.
Nədənsə, onun maraqlı çempionatı efir üzünə həsrət qalıb. Eksklyüziv yayım hüququna malik “İdman Azərbaycan” hər həftə bir-iki oyunla yola verir turu. Özü də onlar üçün kimin oynaması fərq eləmir. Ələ nə keçdi, onu da göstərirlər. Ad olsun ki, Azərbaycan çempionatını yayımlayırıq.
Burda adam istəyir tutsun Ramin Musayevin yaxasından ki, hanı sənin təriflədiyin çempionat? Hanı sənin “İdman Azərbaycan”a satdığın(?) yayım hüququnun şərtləri? Hanı çempionata sponsorluq eləyən “Topaz”ın verdiyi pullar?
Necə ola bilər ki, ötən həftə “Böyük oyun” yayımlanmır, bu həftə isə çempionun oyunu? Tofiq Bəhramovdan “Qarabağ”ın oyununu canlı göstərmək bu qədər çətin işdirmi? Niyə bunun hesabını sormursan “İdman Azərbaycan”dan?
Bu durum Ramin Musayevin özünə də sərf eləyir. Necə deyərlər, gözdən uzaq, könüldən iraq. Nə qədər az adam oyuna baxacaqsa, bir o qədər də səs-küyü az çıxacaq qalmaqalların.
Ona görə deyirəm ki, bacarıqlı adamdır Ramin müəllim. Çempionatı o hala gətirdi ki, nə etiraz var, nə də futbol.