|
Sərxan Carçı
Ən son oxuduğum kitablardan birində (dəyərli ziyalımız Aydın Mədətoğlunun “Türklər” adlı oçerklər toplusunda), yazacağım bu bir neçə cümlə xüsusi diqqətimi çəkdi: “Türklərin dini mədəniyyətində insanlara heç vaxt Tanrıdan qorxmaq öyrədilməyib, əksinə onlara Tanrıya sevgi və güvən öyrədilib. Bu təfəkkür Türklərdə İslamı qəbul edənədək davam etmiş və Türklərdə belə bir ata sozü yaranmışdır ki: Türklər öncə Tanrını sevərlərdi, İslamı qəbul etdikdən sonra bu sevgiyə qorxu da əlavə olundu”.
Türklərdə belə bir məsəlin yaranmağına səbəb, ümimən müsəlman aləmində “islamda qorxu”, “Allahdan qorxmaq” kimi qavramların əmələ gəlməyinə səbəb “təqva” kəliməsidir. Qurani-Kərimdə onlarla ayədə təqva sözü işlənir. Tərcüməçilər də harda bu sözü görürlərsə götürüb “qorxu” kimi tərcümə edirlər. Amma Quranı diqqətlə qiraət edəndə təqvanın illa da qorxu olmadığını görürük.
Bəs nədir təqva?
Hər şeydən əvvəl onu qeyd edim ki, “Müttəqi” təqva sahibinə, təqvalı olana deyilir. Qurani-Kərimdə bu kitabın müttəqilər, yəni təqva sahibləri üçün olduğu yazılır və cənnətin də məhz müttəqilərə yaxın olduğu buyrulur. “Təqva” sözü isə hərfi tərcümədə “qorxu” kimi tərcümə edilməyinə rəğmən, Qurani-Kərimə baxanda bunun heç də belə olmadığını görürük. Qorxu kəliməsi Quranda “xof” olaraq keçir ki, bu da insana yox, şeytana aiddir. (Həşr surəsi-16). Məsələn təqvanın qorxu olmadığını göstərən ayələrdən biri Maidə surəsi-93dür, orda cənab haqq 4 dəfə təqvalı olmağı əmr edir ki, Allah bizə dörd qat qorxmağı demir sözsüz. Əksinə Yunus surəsi 62, 63, 64cü aylərdə cənab haqq buyurur: “Sözsüz ki, Allah dostlarına qorxu yoxdur, onlar qəm-qüssə görməzlər. (Çünki) onlar mömün və təqva sahibi olmuşlardı”. Ayələrdən açıq-aydın göründüyü kimi, insanların mexaniki qəbul etdiyinin tam tərsi olaraq təqva qorxu deyil, əslində təqva sahiblərinə qorxu yoxdur.
Düzdü, müqəddəs kitabımızı incələyəndə orda “məndən qorxun” əmrinə də rast gəldim. Amma Allah dostlarının, qorxusu olsa-olsa Allahın üzərimizdəki sevgisini itirmək qorxusu olar. Mömünlər ancaq öz neqativ əməllərindən və onun nəticəsindən qorxmalıdır.
İş orasıdır ki, son oxuduğum digər bir kitabda, Barnabas İncilində də təqva söhbətinə rast gəldim. İncildə Hz. İsa buyurur: “Qorxuram ki, siz təqvasız müttəqilərsiniz. Çünki günah işlədib, günahlarınızı inkar edər və özünüzə müttəqi deyərsiniz, amma təqvasız olarsınız...”
Öz kitabında heç nəyi əsirgəməyən cənab haqq necə təqvalı olmağın yolunu da deyir. Rum surəsi-31: “Allaha münib ol və beləcə təqva sahibi ol...”. Münib olmağı hərə bür cür yozur. Bizə görə Allaha münib olmaq, əmanət ruhumuzu Allaha qovuşdurmaqdır. Yəni təqvalı olmağın yolu Allahın bizə özündən üfürdüyü ruhu Allaha qovuşdurmaqdan, daha doğrusu (qovuşduracaq Allah özüdür) qovuşdurmağı diləməkdən keçir. Lap olsun “munib”i “Allaha dönmək, ona yönəlmək” kimi tərcümə edənlərin dediyi. Rum surəsi 31-ə görə münib olmaq yönəlməkdirsə və təqva qorxmaqdırsa, ağlı başında olan bir yaradılışın qorxduğu şeyə yönəlməsi hansı məntiqə sığır?
Məsələn mən qorxduğum yox, sevdiyim Allaha yönəlib, ona sarılaram. Sonra onun üzərimdəki sevgisini itirməkdən qorxaram.