|
"Barselona"nın yarımmüdafiəçisi Arda Turan Türkiyə Futbol Federasiyası tərəfindən mükafatlarının azaldılması səbəbindən Avro-2016-da zəif çıxış etmələri və milliyə dəvət olunmamasına ilk dəfə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, o, "NTV Spor"a müsahibəsində mükafatları azaldığı üçün zəif çıxış etdikləri xəbərlərini təkzib edib:
"Mükafatların azaldılması ilə bağlı komanda yoldaşlarımla danışıqlarımız və bəzi suallarımız olub. Ancaq buna görə bizim mükafat üçün oynamaqla günahlandırılmağımız düzgün deyil. Biz mükafata görə oynayan oyunçular deyilik. Heç vaxt mükafata görə mübahisələrimiz olmayıb. Bunlar iftiradır".
A.Turan milliyə çağırılmadığını yuxuda ikən ona gələn zənglə öyrəndiyini söyləyib:
"Telefonum zəngi elə çaldı ki, ya kimsənin öldüyünü, ya da milliyə çağrılmadığımı düşündüm".
Türkiyə millisinin kapitanı baş məşqçiləri Fatih Terimin yığmağa çağırmadığı oyunçular haqqındakı açıqlamalarına düzgün hesab etməyib:
"Baş məşqçimiz bizi yüz dəfə, min dəfə milliyə çağırmaya bilər. Amma bir çıxış yolu tapmaq istəyiriksə, bunu mətbuat qarşısında deyil, üz-üzə müzakirə etməliyik".
A.Turan milliyə çağırılmadıqdan sonra Türkiyə Futbol Federasiyasından kimsənin ona zəng etməməsinə təəssüfləndiyini deyib.
O bildirib ki, milliyə yenidən çağırılacağı təqdirdə, bu təklifi qəbul edəcək:
"Milli komanda üçün fədakarlıq etmişəm, yenə də edərəm. Fatih Terimlə indiyə kimi danışmamışam. Baş məşqçimiz nə zaman qulağımızı çəkib də dediyini etməmişik? Çağırdığı yerə gəlmişik?".
Qeyd edək ki, F.Terim DÇ-2018-in seçmə mərhələsində Xorvatiya ilə oyun üçün komandanın aparıcı futbolçuları Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta və Caner Erkini milliyə çağırmayıb.