|
"Kəpəz" Avropa kuboklarına vəsiqə qazansa belə, rəqiblərini Gəncə şəhər stadionunda qəbul etməyəcək.
Teleqraf.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə klubun icraçı direktoru Mehman Allahverdiyev deyib.
Onun sözlərinə görə, səbəb doğma stadionun beynəlxalq tələblərə cavab verməməsidir. Allahverdiyev bildirib ki, hazırda arenada xeyli görüləsi iş var. Bununla belə, klub rəsmisi Azərbaycanın nəhəng bayrağının tribunada açılmasının həmin iki sektorun qəzalı olmasından irəli gəldiyinə dair fikirlərlə razılaşmayıb:"Bunlar boş söhbətlərdir. Stadionumuzda hər hansı qəzalı vəziyyət aşkarlansaydı, Fövqəladə Hallar Nazirliyi müvafiq rəy verərdi. Sadəcə, azarkeşlərin müəyyən narahatlıqları olduğundan, həmin sektorlarda bayraq açırıq. Stadionumuzun tutumuna uyğun azarkeş gəlsə, ora da insanları buraxacağıq".
İcraçı direktor avrokubok qarşılaşmaları üçün Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"nı sifariş etdiklərini də açıqlayıb.