|
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün fevralın 7-də Bakıya gəlmişdir.
Teleqraf.az-ın məlumatına görə, onu Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse prezidenti Entoni Seynsburi müşaiyət edir. Səfərin ilk günü Milli Paralimpiya Komitəsinin prezidenti cənab İlqar Rəhimov Ser Filip Kreven və Entoni Seynsburi ilə görüşmüşdür. Milli Paralimpiya Komitəsinin prezidenti İ.Rəhimov yubiley tədbirlərində iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə Ser F.Krevenə təşəkkürünü bildirmişdir. O, yubiley tədbirləri və ölkədə Paralimpiya hərəkatının inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat vermişdir. Ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə İlqar Rəhimovu və Paralimpiya ailəsinin bütün üzvlərini təbrik edərək xoş arzularını bildirmişdir. Görüşdə Beynəlxalq Paralimpiya Komitəsi ilə Azərbaycan Milli Paralimpiya Komitəsi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində müzakirələr aparılmışdır.