|
Sentyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Teleqraf.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı Sahil Mühafizənin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə və onların texniki göstəriciləri ilə bağlı stendə baxdı.
Məlumat verildi ki, müəssisənin fəaliyyət göstərdiyi müddətdə itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlarla, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş üçüncü dərəcəli 6 sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib.
Yeni inşa edilən ikinci dərəcəli sərhəd gözətçi gəmisi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlarla təchiz edilib.
Dövlət başçısı ikinci dərəcəli gəmidə yaradılan şəraitlə tanış oldu, üçüncü dərəcəli gəmilərin keçidinə baxdı.
Sonra Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi.