|
Yunanıstanın "Panatinaikos" klubunun meneceri Spiros Vlahos Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində Bakıya edəcəkləri səfərə hazırlıq barədə danışıb.
Fanat.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları deyib:
"Bizim Bakıya səfərə hazırlaşmaq üçün bir neçə gün vaxtımız var. Amma mən öncə bir məqama toxunmaq istəyərdim. Sosial şəbəkələrdə və mətbuatda bu oyunu siyasiləşdirməyə cəhdlər var. Lakin biz heç bir düşmən hücumuna məruz qalmamışıq ki, hansısa təhlükəli bir şeyə qarşı hazırlıq görək. Ümumiyyətlə, komandamızın ən yaxşı şərtlərlə təmin olunacağına dair zəmanət almışıq. Bu oyun çox vacibdi. Baxmayaraq ki, oyun öncəsi biz bir qədər narahatıq. Çünki "Qəbələ" beynəlxalq arenada yeni komandadı. Bu üzdən də Avropa səviyyəli yarışlarda təşkilatçılıq bacarığı yoxdu. Amma eyni zamanda onu da deyə bilərəm ki, oradakı insanlar bizə çox kömək edirlər və bütün tələblərə cavab verməyə çalışırlar. Güman edirik ki, Bakıdakı oyun zamanı tribunalarda türklər, millətçilər və "bozqurdlar" olacaq. Onlar bu görüşdə gərginlik yaratmağa cəhd edə bilərlər. Hər ehtimala qarşı biz UEFA-nı öncədən xəbərdar etməliyik ki, məlum səbəblərdən yüksək risk təhlükəsi var".