|
"Dünən Avropa Oyunlarında 7 yarış baş tutub. Yekunlaşan idman növlərinin keçirildiyi məkanlar ənənəvi formasına qaytarılır. Bu günə qədər 173 çempiona qızıl medal təqdim olunub. Bu gün ərzində isə 21 dəst medal öz sahibini tapacaq. Bunlardan 2-si qılınc oynatma, 9-u üzgüçülük, 5-i cüdoda, 5-i boks idmanı üzrə olacaq".
"Report" xəbər verir ki, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iyunun 25-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünən 7 yarış üzrə idmanları 18 700-dən çox tamaşaçı izləyib: "Bu da orta tamaşaçı tutumunun 81 faizi deməkdir. 3 317 idmançı və rəsmi Atletlər kəndində hələ də yaşayır. Bu da rekord səviyyədən təxminən 2 qat azdır".
S.Kleqq əlavə edib ki, bu gün cüdo üzrə yarışlar başlayır: "Bu gün Heydər Əliyev arensasında gözəl yarışların keçəcəyinə inanırıq. Dünən qazanılan və bu gün sahibini tapacaq medalların sayı çoxdur. Bunun da medal cədvəlinə təsiri olacaq. Eyni zamanda "Bakı 2015"in rəsmi saytına 6 mln insan daxil olub. Bu da gündə 23 faiz artımın olması deməkdir".
Baş direktor qeyd edib ki, dünən çimərlik futbolu üzrə ilk yarış keçirilib: "Yarışları izlədim və məkan çox gözəl hazırlanmışdı. Bu, hazırlıq işlərinin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu gün voleybol üzrə yarımfinal keçiriləcək və Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq. Sabah keçiriləcək oyunlarda təxminən 29 minə yaxın tamaşaçının iştirak etməsini gözləyirik".