|
Bu gün Azərbatcan kubokunun final oyunu keçirilib.
Teleqraf.az-ın məlumatına görə, həlledici oyunda çempion “Qarabağ” və çempionatı 4-cü pillədə başa vuran “Neftçi” klubları üz-üzə gəlib.
Son dəfə finalda 1996-cı ildə qarşılaşan bu komandaların duelindən “Neftçi” qalib ayrılıb – 3:0.
Bu dəfə isə "Qarabağ" 3:1 hesabı ilə qalib gələrək Azərbaycan kubokunun sahibi olub.
Bununla da Qurban Qurbanovun komandası 22 ildən sonra “qızıl dubl” edib. Komanda ilk və sonuncu dəfə 1993-cü ildə bunu bacarıb. Ümumilikdə isə "Qarabağ" tarixində 4-cü dəfə Azərbaycan kubokunu qazanıb.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan kubokunun qalibi "Neftçi" olub.
3 iyun
Azərbaycan Kuboku, final
21:00 “Qarabağ” – “Neftçi” - 3:1
Qollar: Reynaldo, 5(1:0), 39 (2:0), Ernest Nfor, 78 (2:1) Muarem Muarem, 84 (3:1)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
Azərbaycan kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.
Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi”nin baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.
Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib. Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi”nin əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb.
Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.