Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter” klubunda baş məşqçi dəyişikliyi reallaşıb.
Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Valter Matsarri postundan istefaya göndərilib.
Milan təmsilçisinin son oyunlardakı uğursuzluğu klub rəhbərliyini bu addımı atmağa vadar edib. Artıq onun kimin əvəzləyəcəyi də məlumdu. Bu, Roberto Mançinidi.
Sonuncu dəfə “Qalatasaray”da işləyən və ordan ayrıldıqdan sonra işsiz qalan mütəxəssis sabiq komandasına dönüb. “İnter”lə 4 dəfə İtaliya çempionluğunu qazanan məşqçi uğurlarını təkrarlamağa çalışacaq.
Bir müddət öncə Mançinin adı millimizlə də birgə çəkilirdi. Hətta AFFA rəhbərliyi onunla danışıqlar aparıb razılıq əldə etmişdi. Lakin, sonradan Mançini Azərbaycana gəlmək fikrindən daşınmışdı. Görünən odu ki, italiyalı məşqçi məhz sabiq klubuna qayıtmaq istədiyindən AFFA rəhbərliyinin təklifini geri çevirib. Buna baxmayaraq, onun Azərbaycana gələcəyi rəsmiləşib. Belə ki, Mançininin rəhbərlik etdiyi “İnter” avroliqanın qrup mərhələsinin sonuncu turunda Bakıda “Qarabağ”la qarşılaşacaq.
Qeyd edək ki, Roberto Mançini “Fiorentina” (2001-02), “Latsio” (2002-2004), “İnter” (2004-08), “Mançester Siti” (2009-13) və “Qalatasaray” (2013-14) kimi klublarda çalışıb.