|
Təyyarələrin “qara qutusu” adlandırdığımız göyərtə qeydiyat cihazı iki əsas hissədən ibarətdir, təyarənin uçuş zamanı texniki parametrlərinin(250-dən artıq göstərici üzrə) qeydiyatını aparan cihazdan və pilotun(və pilot kabinasındakı) danışıqları qeyd edən(səs yazan) cihazdan ibarətdir. Bunlar gündəlik rast gəldiyimiz elektron informasiya daşıyıcıları- köhnə “qara qutu” modellərində maqnitofon lenti, müasirlərdə fleş-kartın analoqu olur. Bunlarla bərabər, “qara qutunun” içində radiomayak və onu qidalandıran akkumulyator mövcuddur. “Qara qutu”nun üst qatı möhkəm titan və digər metallardan hazırlanır və texniki tələblərə görə yarım saat ərzində onu bürümüş 1100 qradus dərəcəsində yanğına, dənizdə 6 min metr dərinlikdə bir ay qalmağa, 5 dəqiqə ərzində 2 ton ağırlığa(sıxılmağa) davamlı və hermetik olmalıdır. Qəza zamanı az zədə alması məqsədilə “qara qutu” təyarənin quyruq hissəsində yerləşdirilir.
Cəmiyətimizdə 20 noyabr 1991-ci il helikopter qəzasından sonra belə bir yanlış stereotip yaranıb ki, “qara qutular” Azərbaycanda oxuna bilmir. “Qara qutu” ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər, heç yerə göndərməyə ehtiyac yoxdur. 20 noyabr qəzasında “qara qutu” Moskvaya ona görə göndərilmişdi ki, o zaman rəsmən hələ bir ölkəydik, cinayət işini SSRİ Baş Prokurorluğu qaldırmışdı və işə aid olan əşyayi-dəlillər aidiyatlı istintaq orqanına göndərilirdi.
Ümumiyətcə, ciddi zədə almayan “qara qutudan” informasiyanı almaq texnoloji çətin iş deyil. Yaddaş daşıyıcısından texniki parametrlər götürülür, digər yaddaş daşıyıcından pilotun danışıqlarının səs yazıları dinlənilir. Qəzaya uğramış MiQ-29-da danışıqlar azərbaycanca aparıldığından onları ən dəqiq elə bizim mütəxəssislər anlaya bilərlər. MN tərəfindən yayılmış fotolardan görünür ki, zahirən “qara qutu” ciddi zədə almayıb. Hermetikliyi qorunubsa, duzlu su “qara qutuya” daxil olmayıbsa, yaddaş kartları komisiya üzvləri tərəfindən 2-3 saat ərzində “oxunacaq”. Cihaz ciddi zədə alıbsa, bərpasına ehtiyac varsa, xüsusi laboratoriyaya göndərilə bilər.
Lakin “qara qutudan” alınan məlumatlar qəzanın səbəbini araşdırmaq üçün nə qədər qiymətli olsa da, qəzanın baş verdiyi səbəbləri aşkar etmək üçün kifayət deyil. Qəzanın səbəblərini tam və dolğun öyrənmək üçün “qara qutu”dan alınmış məlumatlar digər məlumatlarla, texniki göstəricilərlə, təyarənin korpusunun bərpası ilə və bunları tutuşdurmaqla kompleks şəkildə tamamlanır. Bu işlərə təyarəni istehsal edən şirkətin nümayəndələri cəlb oluna bilərlər. Hadisənin xronologiyası anbaan bərpa olunandan sonra bütün məlumatlar öyrənilir və rəy verilir. “Qara qutu” tapılandan və “oxunandan” sonra əsas vaxt aparan məhz araşdırmanın ikinci hissəsi olur.
Hərbi icmalçı Nazim Bayramov