|
Ukraynanın xarici işlər naziri Pavel Klimkin ölkəsinin Müstəqil Dövlətlər Birliyindən çıxmaq niyyətində olduğunu bildirib. Novator.az-ın məlumatına görə, oktyabrın 9-da “112 Ukrayna” televiziyasına müsahibə verən Klimkin deyib ki, Xarici İşlər Nazirliyi Ukraynanın MDB-dən çıxması üzərində işləyir. O əlavə edib ki, nazirlik ölkənin MDB-dən ayrılacağı halda meydana çıxa biləcək hüquqi çətinlikləri önləmək üçün araşdırma aparır. Klimkin deyib ki, MDB çərçivəsində onlarla müqavilə imzalanıb və bu məsələlərin nizama salınması üçün götür-qoy eləmək gərəkdir.
Rusiyanın “RİA Novosti” agentliyi oktyabrın 10-dan bu məsələ ilə bağlı rəy sorğusu keçirir. “Ukrayna MDB-dən çıxacaqmı” sualı ilə keçirilən internet sorğusuna qatılanların 23,7%-i Ukraynanın MDB-dən ayrılacağını düşünür. 24% əks fikirdədir. Sorğuda iştirak edənlərin 42,1%-i hesab edir ki, Ukrayna qazancı olacağı təqdirdə MDB-dən çıxacaq.
2014-cü ildə Rusiyanın təcavüzü ilə üzləşən Ukrayna MDB-dən çıxmaq niyyətində olduğunu bəyan edib, amma bu yöndə hüquqi addım atmayıb.
MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə Belarusda imzaladığı sazişlə qoyulub. 21 dekabr 1991-ci ildə Almatıda keçmiş SSRİ-nin daha 8 respublikası – Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.
Azərbaycanın MDB-yə qoşulması barədə saziş ölkə parlamentində 20 sentyabr 1993-cü ildə təsdiqlənib.
1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə üzv olub.
18 avqust 2008-ci ildə Gürcüstan MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.