|
Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. Burada bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur.
Məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlunun fikrincə, bu dəyişikliklərlə ölkədə konstitusiyalı monarxiya yaradılır: “Yəqin ki, bu referendumla Azərbaycanda konstitusiyalı monarxiyanın yaradıldığını elan edəcəklər. Bu fərman da məhz onun ilkin əlamətləri də ola bilər. Onsuz da bu dəyişikliklərin heç birinə ehtiyac yoxdur. Hazırkı Konstitusiya ilə də artıq ölkədə demək olar hər kəs qəbul edir ki, indiki prezident ömürlük prezidentdir. Azərbaycan cəmiyyətinə bu qəbul etdirilib və cəmiyyətimiz də bunu artıq həzm edib. Ona görə də burada əlavə və dəyişikliklərə ehtiyac yoxdur”.
Xatırladaq ki, təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.