|
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubları Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən ailələrinə çatdırılıb.
Bu barədə ANS PRESS-ə onların ailə üzvləri məlumat veriblər.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında qardaşının onların vəziyyəti ilə maraqlandığını deyib. “Şahbaz məktubunda adətən həmişə eyni şeylərdən yazır. Bizim, xüsusilə anamın və qızının vəziyyətini soruşur. Eyni zamanda özünün vəziyyətinin yaxşı olduğunu qeyd edib”. Ş. Quliyev bütün qohumlara salam göndərib.
Girovluqda saxlanan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov isə ANS PRESS-ə açıqlamasında qardaşının məktubunu ötən gün aldıqlarını və məktubun 50%-dən çoxunun silindiyini bildirdi: “Qardaşım məktubunda daha çox giley-güzar edib. Keçən məktubunda da səhhətində müəyyən problemləri olduğunu yazmışdı. Bu dəfə də qeyd edib ki, başı, beli və ayağında ağrılar var. Qızılxaç Komitəsindən isə bildirdilər ki, həkimlər Dilqəmin səhhətini yoxlayıb və heç bir problem olmadığını, bu ağrıların vəziyyətlə əlaqəli olduğunu deyiblər.Ancaq baxanda görünür ki, məktub yarımçıq qoyulub”.
Sahib Əsgərov da qardaşının Azərbaycana çoxlu salam göndərdiyini qeyd etdi.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Quliyev isə atasının yazdığı məktubda qeyd edilən cümlələri ANS PRESS-ə olduğu kimi təqdim etdi. Onun sözlərinə atası öz məktubunda yazıb:
"Yazdığınız məktubu iyunun axırı aldım. Ermənilər gətirib verdi. Hər dəfə yazırsız ki, idman elə!. Ürəyimdə, ayaqlarımda, belimdə olan ağrılar imkan vermir. Radionu çoxdan əlimdən alıblar. Hazırda tək qalıram, radionu apardılar. Yazırsız ki, dünya qarşıb. Hamısını bilirəm (daha sonra bəzi çümlələr silinib). İnsan haqlarına görüş üçün ərizə yazın. Mənim haqqımda çox şey yalandan internete verilir (Ermənistan mətbuatında). Hamısı yalandır. Uşağın imtahandan aldığı qiymətləri bilirəm, 3 dənə iki alıbsız (Burada Avropa İnsan Haqları Məhkəməsinə müraciətimizi və aldığımız mənfi cavabı qeyd edib). Məktubu oxu, yoxla, hər şeyə diqqətlə bax. Hamıya salam".
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova iyunun 28-də baş çəkilib. BQXK-nın nümayəndələriDağlıq Qarabağda saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırıb, onlardan da ailələri üçün məlumat alıblar.
BQXK-dan bildirilib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailələrinə məlumat çadırmaq və məlumat almaq üçün şərait yaradılıb.
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Ötən il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.