|
İsa Qəmbər: “4 iyun qiyamını yatıra bilməmişik və bunun məsuliyyəti bizim üzərimizdədir”
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər 4 iyun qiyamı ilə bağlı açıqlama verib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Milli Məclisin sədri olmuş İsa Qəmbər istefa qərarının özü tərəfindən verilmədiyini, bir komanda şəklində verilən qərar olduğunu açıqlayıb.
İyunun 11-də Bütöv Azərbaycan Ocaqlarının təşkil etdiyi dəyirmi masada çıxış edən İ.Qəmbər musavat.com-un 23 il əvvəl baş vermiş məlum istefa ilə bağlı sualına cavabında qeyd edib ki, komandanın ümumi qərarından fərqli mövqe tuta bilməzdi: “Mən qiyamın yatırılması tərəfdarı idim. Ümumiyyətlə, 4 iyun qiyamı ilə bağlı çox söz demək olar, ancaq iki dənə cümlə var. Birincisi, qanuni hakimiyyətə qarşı, Elçibəy iqtidarına qarşı qiyam baş verib. İkinci də, həmin hakimiyyət qiyamı yatıra bilməyib. İki həqiqət bundan ibarətdir, gerisi təfərrüatdır. Mən qiyamın yatırılması tərəfdarı idim. Başqa bir təklif də var idi ki, hakimiyyəti siyasi müxalifətlə bölməklə siyasi müxalifətlə hərbi müxalifəti bir-birindən ayırmaq olar və nəticədə qiyamı yatırmaq, zərərsizləşdirmək mümkünləşər.
Mən bu variantın mümkün olacağına inanmırdım. Çünki görürdüm ki, bu prosesin başında Heydər Əliyev dayanır. Heydər Əliyev də heç kimlə hakimiyyət böləsi adam deyil. Uzaqbaşı gördünüz, bir illiyə Surət Hüseynovla böldü, o da kosmetik bir addım idi. Ona görə bu addım mənə uğurlu görünmürdü. Bu barədə də fikrimi demişdim. Amma ümumi qərar bu istiqamətdə olandan sonra mənim fərqli mövqe tutmağım anlaşılmazdı - nə o dövrdə bizim hakimiyyət komandası tərəfindən anlaşılmazdı, nə də ki, indiki dönəmdə, tarixə indidən baxanda anlaşılmazdı”.
İ.Qəmbər bildirib ki, parlament sədri seçildiyi gün Əbülfəz Elçibəyə “istənilən gün, nə zaman siz desəniz, mən vəzifədən kənara çəkiləcəm” deyib: “Bu sözü demiş adam kimi, nə cür 1993-cü ilin o ağır günlərində, Elçibəy hakimiyyətinin qərarı siyasi müxalifətlə hərbi müxalifəti bir-birindən ayırmaq olduğu mərhələdə vəzifədə qalmaq üçün israr edə bilərdim? Təbii ki, istefa verməli idim. Hesab edirəm ki, konkret tarixi məqamda düzgün addım atmışam. Amma bütövlükdə 4 iyunda özümün düzgün mövqedə olduğum, başqalarının səhv mövqedə olduğu haqqında danışmaq istəmirəm. Əksəriyyət belə edir, kimi dindirirsən, hamı qəhrəmandır, hamı əjdahadır, başqaları günahkardır. Amma fakt odur ki, biz hakimiyyət komandası idik, qiyamı yatıra bilməmişik. Bunun məsuliyyəti bizim üzərimizdədir. Qalanı təfərrüatdır, detallardır”.