|
Yaponiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
AzərTac-ın xəbərinə görə, bəyanatda qeyd edilir ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsi zonasında yaranan gərginlikdən dərin narahatlıq keçirir və ölənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Cənubi Qafqazda sülh və stabilliyin bərqarar olması üçün çox vacib şərtdir.
Yaponiya ATƏT-in Minsk qrupunun bu münaqişənin həlli ilə bağlı səylərini dəstəkləyir və münaqişənin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həllinə ümid edir.
Bəyənata əlavədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilir. Qeyd edilir ki, Ermənistan ilə Azərbaycan arasında münaqişə obyekti olan Dağlıq Qarabağ Vilayəti Azərbaycan ərazisidir. 1991-ci ildə, Sovet İttifaqının dağılması ərəfəsində əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan vilayət Ermənistana birləşdirilməsini tələb edib və bu, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə həddinə çatıb.
Hərbi əməliyyatlar nəticəsində 1993-cü ildə Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz daxil olmaqla Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Rusiya və ATƏT-in iştirakı ilə 1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə edilib. 1999-cu ildən başlayaraq, ATƏT-in Minsk qrupunun iştirakı ilə Ermənistan və Azərbaycan arasında münaqişənin tam həlli üçün iki ölkənin liderləri, xarici işlər nazirləri və digər səviyyələrdə danışıqlar davam edir.