|
Yanvarın 15-də “Azadlıq” Siyasi Partiyalar Əməkdaşlıq Mərkəzi ölkədəki iqtisadi böhanla bağlı dəyirmi masa keçirib. Teleqraf.az Musavat.com-a istinadən xəbər verir ki, tədbirdə KXCP, AXP, “Azadlıq”, AMİP və digər partiyaların rəhbərləri iştirak ediblər.
KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı bildirib ki, dəyirmi masaya qədər bu partiyalar görüşlər keçirərək, müzakirələr aparıblar: “Biz bir sıra qərarlar əldə etmişik. Hakimiyyətin yarıtmaz siyasətinə etiraz olaraq aksiyalarının keçirilməsi də müzakirə edilib. Həmçinin, böhranın qarşısının alınması üçün təcili antiböhran tədbirləinin keçilməsini tələb etmişik. Biz müxalifətlə iqtidar arasında dialoqun baş tutması və nəticələrin əldə edilməsi üçün dialoqda hakimiyyəti dövlət başçısının təmsil etməsini məsbul saymışıq. Böhrandan çıxış yollarını hakimiyyətlə birgə müzakirə etmək mümkündür. Amma hakimiyyət bundan qaçır. İqtisadi böhran tezliklə siyasi böhranla əvəzlənəcək. Biz bundan təlaşımızı, narahatçılığımızı ifadə etsək də, hakimiyyətdə bunu görmürük”.
KXCP sədri iqtisadi vəziyyətlə, bizneslə bağlı qüvvəyə minən son qanunların bizneslə bağlı geri oxunduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, bölgələrdə baş verən etiraz aksiyalarından sorna hökumət una, taxıla əlavə dəyə vergisini götürməli olub: “Əhalini aldadaraq bu işi gördü. Baş verənlər monopoliyanın nəticəsidir, Azərbaycan hakimiyyətinin mahiyyətinin nəticəsidir. Bu rejim dəyişməyənə qədər problemlərimiz olacaq”.
"Azadlıq" Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, ölkədəki böhran iqtisadi deyil, sistem böhranıdır:“Biz bir ilə yaxın davam edən dialoqlar zamanı da bunu hakimiyyətə çatdırdıq, neftdən asılılıqdan narahatlığımızı bildirdik. Ancaq hakimiyyət islahatlara getmədi. Dialoq hazırda da ən ağıllı mövqedir. Siyasi partiyaların bir araya gəlməsinə ehtiyac var”.
AXP sədri Pənah Hüseyn isə qeyd edib ki, baş verənlərdə birbaşa məsuliyyət daşıyan İlham Əliyevdir:“Komanda da onun komandasıdır. Biz öz haqqları uğrunda mübarizəyə çıxan insanlarla həmrəylik nümayiş etdirməliyik. Son həbslərə və repressiyalara etiraz olunmalıdır”. O, həmçinin əhalinin kredit problemindən danışıb vəziyyətin ciddiliyini vurğulayıb: “Burada hamınız təkliflər verirsiz. Bu təklifləri həyata keçirməyə pul yoxdur. Bizi faktiki olaraq oğrular idarə edir, ölkənin sərvətini oğurlayıblar. Təklifim budur ki, birbaşa düşmənlərin qarşısına xalqın mütəşəkkil təşkil olunmuş gücünü qoyaq. Bunu etməsək, ölkədə heç nə olan deyil. Biz bir araya gəlsək, bəlkə bu bəladan az zərərlə qurtaraq”. O, həmçinin dövlət başçısına müraciət etməyi təklif edib.
Digər çıxış edənlər də müxtəlif təkliflər səsləndiriblər. Dəyirmi masa iştirakçıları yanvarın 24-də toplaşaraq yenidən müzakirə aparmağı qərara alıblar.