|
Ağsu rayonunda sosial problemlərlə bağlı etiraz aksiyası keçirilib.
Teleqraf.az-ın məlumatına görə, 1000-ə yaxın rayon sakini şəhər mərkəzinə toplaşaraq qiymət artımına etiraz ediblər. Etirazçılar Ağsu rayon icra hakimiyyətinin başçısının onlarla görüşməsini tələb etsələr də, icra başçısı Ənvər Seydiləyev bu problemin tək Ağsuya aid olmadığı , dövlət səviyyəsində olan bir problem olduğunu deyərək sakinlərlə görüşə gəlməyib. Aksiya iştirakçıları bundan sonra icra hakimiyyətinə doğru yürüş ediblər. İcra hakimiyyətinin binasının qarşısında kredit və işsizliklə bağlı şüarlar səsləndirən etirazçılar icra hakimiyyətinə dəvət edilib. Bundan sonra aksiya iştirakçılarının nümayəndələri icra başçısı Ənvər Seyidəliyevlə görüşüblər. Ənvər Seyidəliyev nümayəndələrin fikirlərini dinlədikdən sonra aksiya iştirakçılarının tələbləri ilə bağlı məsələ qaldıracağına söz verib. Bundan sonra aksiya iştirakçıları dağılışıb. Etirazçıların bildirdiyinə görə, növbəti günlərdə də aksiya keçiriləcək.
KXCP-nin Ağsu rayon təşkilatının sədri Yaqub Babalı görüşdən sonra musavat.com-a bildirib ki, icra başçısı problemlərin həllinə söz verib: “Biz icra başçısı ilə görüşdük, problemləri qaldırdıq. Rayonda çoxsaylı problemlər var. Problemlər illərlə yığılıb, qalıb. Bizə söz verdilər ki, bu məsələlər barədə dövlət başçısına məlumat çatdırılacaq. Həmçinin, qısa vaxt ərzində problemlərin həllinə nail olmağa da çalışacaqlar. Ümumi problemlərin sürətli formada həll olunmasına çalışılacağı vəd edildi. İşsizlik, qiymətlərin xalqın iqtisadi durumuna uyğun olmayan şəkildə qaldırılması, sosial yardım problemi, uşaqpulu və sair çoxsaylı problemləri icra başçısına dedik. Ümumi iqtisadi vəziyyət, hüquqsuzluq problemi, vətəndaşın heç yerdə hüququnun qorunmaması kimi məsələlər icra başçısının diqqətinə çatdırıldı. Bizə söz verdilər ki, problemləri həll etməyə çalışacaqlar. Camaat bu məsələni diqqətdə saxlayacaq. Yəni problemlər həllini tapmasa, aksiyalar davam edəcək”.