|
Dolların kəskin bahalaşması manatın bir ildə ikinci dəfə devalvasiyaya uğramasına səbəb oldu. Milli valyutanın dəyərdən düşməsi bütün sahələrə təsirsiz ötüşməyib. Daha çox sosial sahədə müşahidə edilən bahalaşma hökuməti ciddi tədbirlər görməyə vadar edib. Ölkənin müxalifət düşərgəsində təmsil olunanlar sosial sahədəki vəziyyətə dair müxtəlif təkliflər səsləndiriblər. Bəziləri belə hesab edir ki, həmin təkliflər daha çox əhalini meydanlara toplamağa xidmət edir.
Maraqlıdır ki, müxalifət cəbhəsi bir araya gəlib normal şəkildə indiki vəziyyətdən çıxış yolu göstərən təkliflər paketi təqdim etsə, iqtidar həmin təklifi müzakirə edərmi?
Modern.az saytı məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəyə müraciət edib. Aydın Mirzəzadə Modern.az-a açıqlamasında deyib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər.
"Heç bir təklif, heç bir müraciət diqqətsiz qalmır. Siyasi yönümündən asılı olmayaraq, istənilən təklif həmişə müzakirə mövzusudur. Əgər müxalifət ölkənin qarşısında duran problemlərlə bağlı, günün tələbinə cavab verən və hər hansı məsələnin həllinə yönələn təkliflər verərsə, problem olmadan həmin təkliflər qəbul da edilə bilər. Azərbaycan hakimiyyəti cəmiyyətin bütün təbəqələri ilə istənilən məsələlərin müzakirəsinə hər zaman hazırdır”.
Deputat müxalifətin bu cür məsələlərdə nöqsanlarının olduğunu da vurğulayıb.
"Çox təəssüf ki, bəzən müxalifət hansısa təklifi verəndə həmin təklifi düzgün və yeganə variant hesab edir və onun qəbul edilməsinin vacibliyini bildirir. Bununla belə, bilmək lazımdır ki, hər bir məsələ müzakirəyə çıxarılan zaman onun doğrudan da həll yolu olduğu qənaətinə gəlinməlidir. Aydın məsələdir ki, fərqli siyasi düşüncədə olan zaman bir çox hallarda müxalifətlə iqtidarın fikirləri üst-üstə düşməyə bilir. Təəssüf ki, müxalifət iqtisadi problemlərin həllində populizmə yol verir. Məsələnin həll olunmasından daha çox onun görüntüsünə böyük əhəmiyyət verir. Bunun nə ilə nəticələnəcəyi onun üçün maraqlı deyil. Çünki müxalifət məsuliyyət daşımır. Həmin məsələlərin qərarına cavabdeh deyil. Alınsa, uğuru müxalifətin adına yazırlar. Alınmasa, uğursuzluğu iqtidarın adına yazırlar. Bütün bunlara baxmayaraq, müxalifət indiki dövrlə bağlı çıxış yolu göstərən təkliflər paketi ilə müraciət edərsə, həmin təkliflər paketi müzakirə oluna bilər”.