|
Avropa Parlamenti jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçilərini dərhal və heç bir şərtsiz azad etməyə çağıran qətnamə qəbul edib. AzadlıqRadiosunun Brüsseldəki müxbiri xəbər verir ki, həmin layihə sentyabrın 10-da artıq qətnamə kimi qəbul edilib.
Sənəddə "Bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır."
Qətnamə Avropa Birliyi rəhbərliyini jurnalist Xədicə İsmayılın araşdırmalarında qeyd edilmiş prezident İlham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırır.
Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.
Hələlik bu sənədlə Bağlı Bakıdan hər hansı rəsmi reaksiya yoxdur.
Jurnalist Xədicə İsmayıl ötən ilin dekabrında həbs olunub, bu il sentyabrın 1-də 7 il yarım azadlıqdan məhrum edilib.
O vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, qanunsuz sahibkarlıq və mənimsəmədə təqsirli bilinib.
Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir.