|
Qarabağ Azadlıq Təşkilatı Türkiyə Silahlı Qüvvələrinin Şəhidlər verməsi ilə bağlı narahatlığını bildirir, şəhidlərə Allahdan rəhmət diləyir, qardaş Türkiyə rəhbərliyinə, şəhidlərin yaxınlarına, bütün türk xalqına başsağlığı verir.
Biz Türkiyənin terror qruplarına, xarici təxribatlara qarşı prinsipial və barışmaz mövqe tutmasını, sərt antiterror əməliyyatları keçirməsini tam dəstəkləyirik. Türkiyə rəhbərliyinin bu addımları ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasına yönəlib. Tarix də göstərir ki, həlledici məqamlarda sərt və barışmaz mövqe tutmaq vacibdir, terror və işğal kimi bəlalardan yalnız bu yolla xilas olmaq, bu bəlaları kökündən çıxarıb atmaqla nəticəyə nail olmaq olar. Heç kəs üçün sirr deyil ki, Türkiyənin yaşadığı bu problemlərin arxasında PKK-nın terror təşkilatları dayanır, onlara erməni terror qrupları, təşkilatları tərəfindən dəstək verilir. Azərbaycan da bu terror qurumlarının antiinsani fəaliyyətindən əziyyət çəkir.
Biz hesab edirik ki, Azərbaycan rəsmi və qeyri rəsmi səviyyələrdə Türkiyənin haqlı mücadiləsinə dəstək verməlidir. Biz də təşkilat olaraq istənilən formada öz dəstəyimizi verməyə, qardaş Türkiyənin yanında olmağa hazırıq.