|
Azərbaycan Milli Demokrat Partiyası Bəyanat qəbul edib.
Teleqraf.az-ın əldə etdiyi bəyanatda deyilir:
Azərbaycan Milli Demokrat Partiyasının (AzMDEP) Siyasi Şurası 3 sentyabr 2015-ci il tarixində bəyanat qəbul edib. Bəyanatda partiyaya aidiyyatı olmayan bəzi vətəndaşların partiyanın adından istifadə etməsinə, özlərini AzMDEP-in sədri kimi qələmə verməsinə münasibət bildirilib. Bəyanatın mətnində partiya sədri Tufan Kərimin səlahiyyətlərinin qanuni müdafiəsi barədə ibarələr öz əksini tapdığından sənəd Siyasi Şuranın qərarı ilə AzMDEP sədrinin müavini Eldar Tağıyev tərəfindən imzalanıb. Bəyanatı oxucularımızın diqqətinə çatdırırıq. Azərbaycan Milli Demokrat Partiyasının bəyanatında deyilir: "Son zamanlar respublikamızın bəzi kütləvi informasiya vasitələrində qarşıdan gələn Milli Məclisə seçkilərdə guya Azərbaycan Milli Demokrat Partiyası (AzMDEP) sıralarından kimlərinsə iştirakı ilə bağlı məlumatlar yayılmaqdadır. Belə ki, İsgəndər Həmidov adlı vətəndaş bəzi KİV-lərə verdiyi məlumatlarda özünü və daha iki nəfəri Azərbaycan Milli Demokrat Partiyasının "üzvləri" və hətta "sədri" kimi qələmə verməkdədir. Həmçinin, bu məlumatlarda özlərini Azərbaycan Milli Demokrat Partiyasının "üzvləri" kimi qələmə verən şəxslər Milli Məclisə keçiriləcək seçkilərdə namizədliklərini respublikada fəaliyyət göstərən "Müsavat" adlı partiyalardan birinin, konkret olaraq, cənab Arif Hacılının sədri olduğu Müsavat partiyası sıralarından verəcəklərini bildirirlər. Bununla bağlı Azərbaycan Milli Demokrat Partiyası aşağıdakıları bəyan edir: 1) qarşıdakı Milli Məclisə seçkilərlə bağlı partiyanın namizəd siyahısı hələki müzakirə səviyyəsindədir və rəsmi qeydiyyatdan keçmiş, qanunvericiliyin tələblərini yerinə yetirən siyasi partiya olaraq AzMDEP seçkilərdə namizədlərini hər hansı bir digər partiyanın deyil, öz siyahısına uyğun verəcək. 2) partiya sıralarında hal-hazırda İsgəndər Həmidov adlı respublika vətəndaşı qeydiyyata alınmayıb. Həmçinin, İsgəndər Həmidovun KİV-lərə açıqladığı və guya AzMDEP-nin üzvü kimi təqdim etdiyi şəxslər də Azərbaycan Milli Demokrat Partiyası üzvləri siyahısında qeydiyyatda deyillər. 3) Azərbaycan Milli Demokrat Partiyasının sonuncu V qurultayında partiyanın sədri vəzifəsinə qurultay iştirakçıları tərəfindən partiya Nizamnaməsinə uyğun səsvermə yolu ilə Tufan Kərim seçilib. Bu barədə müvafiq sənədlər (qurultayın protokolundan çıxarış və d.) Ədliyyə Nazirliyinə təqdim olunub. 4) Hər hansı bir şəxsin gerçəkliyə uyğun olmayaraq özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24 dekabr 2008-ci il tarixli kollegiya iclasında rəsmi dövlət qeydiyyatına ( 53 saylı dövlət qeydiyyatı haqqında şəhadətnamə) alınmış Azərbaycan Milli Demokrat Partiyasının "sədri" kimi qələmə verməsi, artıq vəzifəli şəxslərin səlahiyyətlərinin özbaşına mənimsəmək anlamına gəlir və bu əməllər respublika qanunvericiliyinə zidd olduğundan cinayət tərkibi daşımaqdadır. 5) Azərbaycan Milli Demokrat Partiyası partiyaya aidiyyatı olmayanların partiyanın adından istifadə etmək, özünü partiya üzvü kimi qələmə vermək, partiya sədrinin səlahiyyətlərini mənimsəmək kimi cinayət tərkibli əməllərlə bağlı problemi hüquqi müstəvidə həll etmək üçün hazırlıqlara başlayıb."
Azərbaycan Milli Demokrat partiyasının sədr müavini: Eldar Tağıyev