|
Qarabağ Azadlıq Təşkilatı İranın paytaxtı Tehran şəhərində ermənilərin iştirakı ilə keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsinə dair yalan təbliğatın aparılması ilə bağlı İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə müraciət göndərib.
Teleqraf.az-ın xəbərinə görə, müraciətdə göstərilir:
Mətbuatda gedən və Azərbaycan cəmiyyətini narahat edən 1 məsələ ilə bağlı Sizə müraciət edirik. Tehran Dövlət Universitetində bu günlərdə “XXI əsrin əvvəlindən indiyədək Qarabağ böhranın dəyişiklikləri” mövzusunda dəyirmi masanın keçirilməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, tədbiri Avrasiya və İran Araşdırmalar Mərkəzi, həmçinin Qafqaz Araşdırmalar Fondu təşkil edib. Universitetin hüquq və siyasi elmlər fakultəsində baş tutan tədbirdə Ermənistanın Qafqaz Araşdırmalar Mərkəzinin sədri Aleksandr İskəndəryan və Tehran Universitetinin müəllimi, Qafqaz Araşdırmalar Fondunun İran cəmiyyətinin idarə heyətinin üzvü Cəfər Haqpənah məruzələrlə çıxış ediblər. Tədbirdə İran alimləri, Ermənistanın İrandakı səfirliyinin nümayəndələri və İranda yaşayan ermənilər iştirak ediblər. Tədbirdə hər iki çıxışçı Azərbaycanın işğal olunmuş ərazilərinin guya ermənilərə məxsus olması, həmin ərazilərin Ermənistana birləşdirilməsinin zəruriliyi, qondarma “Sumqayıt hadisələri” və digər məsələrlə bağlı saxta fikirlər səsləndirib.
Biz Azərbaycanla İran, iki dost ölkə arasında münasibətlərin daha xoş olmasını istəyir və buna çalışırıq. Ona görə də belə bir dəyirmi masanın keçirilməsi, orada antiazərbaycan təbliğatının aparılmasını, xüsusilə də erməni şovinisti Aleksandr İskəndəryana hər cür yalanları danışmaq üçün şərait yaradılmasını zərərli hesab edirik. İran İslam Respublikasının Ali Dini Rəhbəri hörmətli Seyid Əli Xamneyi, həmçinin dost ölkənin dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ islam torpağıdır, Azərbaycanın tərkib hissəsidir və Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz də İrana səfərlər edir, müxtəlif görüşlər, konfranslar keçiririk və bu tədbirlərdə İranın rəsmi münasibətinə uyğun mövqedən çıxış edirik. Ona görə də erməni nümayəndəsinin İranın paytaxtında tədbirə qatılaraq rəsmi Tehranın mövqeyinə zidd yanaşma göstərməsi, öz ölkəsinin maraqlarına uyğun təbliğat aparması ən azından başa düşülən deyil. Üstəlik İran alimi Cəfər Haqpənahın da eyni mövqedən çıxış etməsi heç bir ölçüyə sığmır. Bu adam öz dövlətinin rəsmi mövqeyinə qarşı çıxır. Biz hörmətli Cəfər Haqpənahın mövqeyini anlaşılmazlıq hesab edir və onunla görüşüb bu məsələni müzakirə etməyə, ümumiyyətlə, İrana səfər edib bu mövzuda çoxlu tədbirlər keçirməyə hazır olduğumuzu bildiririk. Bu cür görüşlərin, müzakirələrin keçirilməsi iki dost ölkənin yalnız xeyrinə ola, həqiqətin ortaya qoyulmasına xidmət edə bilər.
Biz İranla Azərbaycanın münasibətlərinə xələl gətirəcək hər şeyə həssas yanaşır, mümkün təxribatların qarşısını almağa yardım etməyə çalışırıq. Bu cür hadisələrdən düşmənlərimiz, bədxahlarımız istifadə etməyə, iki dost ölkənin münasibətlərinə kölgə salmağa çalışırlar. Biz bunu yolverilməz hesab edirik. Ona görə də Sizə müraciət edirik və ümid edirik ki, bizim xoş niyyətimizi qəbul edəcək, məsələnin aydınlaşdırılnasına təşəbbüs edəcəksiniz.