|
"REAL hərəkatı isə heç bir radikallıq göstərmir, hər qanunsuzluğa qarşı səbr nümayiş etdirir, islahat yolu ilə müsbət dəyişikliyə nail olmaq istəyir." Bu sözləri REAL hərəkatının lideri İlqar Məmmədova qarşı baş verən təzyiqlə bağlı fikir bildirən tanınmış vəkil Aslan İsmayılov deyib.
Teleqraf.az tanınmış vəkiı, ictimai fəal Aslan İsmayılovun fikirlərini olduğu kimi təqdim edir:
"Nə qədər istəsəm də siyasi olaylara fikir verməyim, konkret korrupsiya faktlarını ifşa edim, alınmır. Baş verənlərə, kimlərinsə qohumlarına görə həbs edilməsinə, təzə seçilmiş REAL hərəkatının aktivistinə təzyiqlər, həbsdə olan REAL sədri İlqar Məmmədova qarşı olanlara fikir verməmək alınmır. Hakimiyyət öz qanunsuz əməlləri ilə bu gün tək onlara yox, həm də aktiv vətəndaş mövqeyi göstərənlərə problem olan ənənəvi müxalifət yetişdirdi. Bu gün hər ikisi bir-biri ilə özlərinə yaraşan metodlarla mübarizə aparırlar. REAL hərəkatı isə heç bir radikallıq göstərmir, hər qanunsuzluğa qarşı səbr nümayiş etdirir, islahat yolu ilə müsbət dəyişikliyə nail olmaq istəyir. Bunun üçün ağıllı təkliflər verir, islahat yolunu göstərir. Orada təmsil olunanların əksəriyyəti öz savadlarına, bacarıqlarına görə istədiyi vaxt həyat minimumunun bir neçə qatını təmin edə bilərlər. Ancaq baş verən biabırçılığa, bizi gözləyən fəlakətə göz yuma bilmirlər. Ölkəsini sevən hakimiyyət belə şəxsləri təqib etmək əvəzinə onlardan yararlanıb inkişaflarına mane olmazlar. Bu gün isə hakimiyyət onları da radikallaşdırır. Bu yolla hakimiyyət tək özlərini yox, bütün ölkəni fəlakətə sürükləyir. Doğrudanmı onlar bu yolla hara getdiklərini dərk etmirlər?! Həqiqətənmi onlara ancaq söyüş söyən, boş-boş danışıb təhqir yağdıran müxalifət lazımdır?! Görəsən bir yandan qan deyən radikal müxalifət, digər tərəfdən məqam gözləyən radikal dini kəsim (hələ Suriyada döyüşənlərin geri qayıdacaqlarını, qazandığı təcrübəni burada həyata keçirmək istəyəcəklərini demirəm), digər tərəfdən büdcəsi günbəgün azalan ölkənin onsuz da ehtiyac içində yaşayan vətəndaşlarının artan narazılıqlarını nəzərə alan varmı?! Geopolitik durumu, Qərb - Rusiya qarşıdurmasının güc mərkəzinin bizim bölgədə olduğunu da düşünəndə şəxsən məni dəhşət bürüyür."