"Mənə təklif olunan mükafatdan imtina etsəydim, hakimiyyətə, konkret olaraq, hörmətli İlham Əliyevə meydan oxumuş sayılacaqdım."

"YENİ Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğlunun "Əməkdar Jurnalist" adı alması və təltifin prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi ölkəmizin siyasi gündəmində müzakirə olunan əsas mövzudur. Artıq bu mövzuya Azərbaycanı yaxından tanıyan xaricilər də qoşulub. Onlardan biri də Norveçin Azərbaycanda səfiri olmuş Steynar Gildir. Facebook səhifəsində başlayan müzakirələr sabiq səfirin R. Arifoğluna kiçik məktub və suallar yazmasına səbəb olub. Musavat. com Gilin həmin məktubunu və R. Arifoğlunun ona açıq cavabını dərc edir:

Steynar Gil: “Hörmətli Rauf, mən köhnə dostunuz olaraq Sizi ad gününüz münasibətilə təbrik edirəm. Ancaq mən Sizə deməliyəm ki, Siz məni məyus elədiniz. Əgər düz başa düşdümsə, Siz hazırkı mövqeyinizi dəyişmisiniz. Mən Sizi dəstəkləyə bilmərəm. Çox təəssüf. Məgər Siz 2003-cü ili unutmusunuz?”

****

Sonrakı cavabından belə aydın olur ki, hörmətli S. GİLİ məyus edən fakt R. Arifoğlunun bilavasitə İlham Əliyev tərəfindən təltif olunmasıdır. 

****

Rauf Arifoğlu: “Özümə kömək etdim ki...”

Əziz Steynar, ad günümü təbrik etdiyiniz üçün minnətdaram. Ancaq mənim mövqeyimdən dolayı məyus olmanıza görə olduqca kədərləndim. Lakin mənim fikrimcə, Siz öz mövqeyinizi dəyişəcəksiniz, çünki mən:

1. 2003-cü ili unutmamışam; 

2. Öz dəyər və prinsiplərimdən imtina etməmişəm; 

3. Mövqeyimi dəyişməmişəm;

4. Jurnalist və demokrat olaraq öz prinsiplərimi satmamışam.

Dəyişən mən deyiləm. Dəyişən Azərbaycandakı şərtlərdir, onun demokratik düşərgəsinin tam iflas olması, gücsüzləşməsi, heç bir fəaliyyət imkanının qalmaması, müstəqil mətbuatın əsl mənada təklənməsidir. Hər kəs istəyir biz onun xidmətində olaq – müxalifət də, iqtidar da.  

Azərbaycan daha sizin gördüyünüz ölkə deyil;demokratik düşərgə tam boşalmış və gücsüzləşmiş, siyasi fəaliyyət demək olar ki, yoxdur, müstəqil KİV-lər isə hər iki düşərgənin təzyiqləri altında qalıb. Ölkədə ictimai fəallıq yoxdur, mandatına uyğun gələ bilən müxalifət təşkilatları qalmayıb. Hər şey virtual aləmə - əsasən də Facebook sosial şəbəkəsinə transfer olunub. Bütün bunlar yeni şərtlər, yeni qaçılmaz seçimlər ortaya çıxarır.

Əziz Steynar! 

Mən xatırlayıram ki, Siz məni Norveç səfirliyində saxlayaraq¸ölüm təhlükəsindən qoruyanda, müdafiə edəndə bir söz söyləmişdiniz: "Rauf, mənə kömək et ki, sənə kömək edim..." 

Burada söhbət ondan gedirdi ki, mən Sizin təklifinizlə və mahiyyət etibarilə Bakıdakı Qərb səfirlərinin kollektiv şəkildə gəldiyi bir qərarı ictimaiyyətə Müsavat Partiyası və “Yeni Müsavat” qəzetinin baş redaktoru kimi, öz adımdan razılaşdırılmış mətn kimi elan edim. 

O da çox sadə bir mətn idi. Mən məhz Sizin təkidli məsləhətinizlə o mətni qəzetlərə açıqladım, özüm də xüsusi müsahibə verdim. Orada qeyd olunurdu ki, Müsavat Partiyası, demokratik qüvvələr İlham Əliyevlə dialoqa hazırdır, yaranan gərginliyin götürülməsinə, həbslərin durdurulmasına çağırır. Bundan sonra Siz və bir neçə Qərb ölkəsi səfiri yeni hakimiyyətə təzyiq etdiniz ki, baxın, müxalifət dialoq, danışıqlar istəyir, siz isə (hakimiyyət) onlara repressiya tətbiq edirsiniz. 

Siz o zaman mənə dediniz ki, danışıqlar apardığınız hakimiyyət təmsilçiləri deyir ki, guya müxalifət dialoq istəmir, küçələrə çıxaraq, iqtidarı devirmək istəyir. Mənim bu açıqlamam Azərbaycan müxalifətini tam məhv etməyin, əzməyin qarşısını almaq üçün Sizlərə arqument olmalı idi. Biz bunu o vaxt Sizinlə birgə etdik. Və Sizin səyləriniz həbslərin dayanmasına yardımçı oldu. Məhz Siz o zaman mənim həyatımı, ailəmi, qəzetimi xilas etdiniz. Yekun etibarilə imkan yarandı ki, mən cəza dəstələrinə deyil, hüquq-mühafizə orqanlarına normal, sivil qaydada təslim olum. Norveç hökuməti ilə Azərbaycan dövləti arasında mənimlə bağlı xüsusi müqavilə imzalandı və mən 5 günlük sığınacaqdan çıxıb,  sizin tərəfinizdən hüquq mühafizə orqanlarına təhvil verildim...    

Mən bunları unutmamışam və unutmayacağam. Lakin o zaman bir çoxları, lap elə indiki kimi, məni bu mövqeyə görə sərt şəkildə tənqid edir, məni qorxaqlıqda, satqınçılıqda, sınmaqda suçlayırdı... Sonradan bəlli oldu ki, bu, elə ən doğru addım və siyasi manevr imiş. Bununla da "Mən sizə kömək etdim ki, Siz də Azərbaycana kömək edəsiniz"... 

Əziz Steynar! 

İndi Azərbaycan mediası tamamilə tək və yetim qalıb, artıq Bakıda Steynar Gil də yoxdur. Qərb paytaxtları İlham Əliyev hakimiyyəti ilə iş birliyini davam etdirir, onlara sanki Azərbaycanda müxalifət lazım deyil. ABŞ-ın, Böyük Britaniyanın radioları, televiziyaları bağlanıb, bəzi əməkdaşları istintaqa cəlb edilib. Onların hökumətləri hətta heç öz KİV-lərini qoruya bilmirlər. Ya da onlara Bakıda bu radiolar lazım deyil. Siz yəqin ki, Amerika və Britaniya hökumətlərinin edə bilmədiklərini məndən tələb etmir və buna görə də incimirsiniz.   

Məhz belə bir vəziyyətdə mən, tək başına növbəti bir addım atdım. Bu dəfə özümə kömək etdim ki, qəzetimə, saytlarıma və bununla da ölkəyə və demokratiyaya kömək edə bilim. Bu, ən kritik anda hakimiyyətlə münasibətləri yumşaltmaq, onun mənə və yerdə qalan KİV-lərə neytral münasibətini təmin eləmək üçün idi.  

Aydın məsələdir ki, mənim problemlərimi məndən yaxşı heç kim bilmir. Hesab edirəm ki, mənə təklif olunan mükafatdan imtina etsəydim, hakimiyyətə, konkret olaraq, hörmətli İlham Əliyevə meydan oxumuş sayılacaqdım. 

Mənə hazırda belə “qəhrəmanlıq” lazım deyil. Qəzetimə və həbsxanada olan həmkarlarıma, həmçinin çıxılmaz durumda olan müxalifətə də bu, kömək edə bilməz.

Mən yalnızca mənə tərəf edilən bir jestə adekvat cavab verdim. Düşünürəm ki, bu, hakimiyyət tərəfindən ciddi bir addım, xoş məram nümunəsidir. Prezident yalnız tənqidçi media təmsilçisinin deyil, həm də ənənəvi müxalifət düşərgəsindən birinin əlini sıxmaqla, sizcə onun legitimliyini tanıyan hər kəsə barış mesajı vermirmi? 

Mən indiyədək mənə təklif olunan bir sıra maddi həvəsləndirmələrdən, o cümlədən şəxsimə edilmiş mənzil təklifindən imtina etmişəm. Hesab edirəm ki, 26 illik qəzetçilik fəaliyyətimə görə hətta məni sevməyən Əli Kərimli də iqtidarda olsaydı, təltif olunan 180 nəfərin içərisində mənə “Əməkdar jurnalist” adı verərdİ. Yeri gəlmişkən, Əli Kərimlinin “Azadlıq” qəzetinin əməkdaşları prezidentdən iki ev, “Əməkdar jurnalist” adı, 307 min manat (əvvəlki kursla 400 min avro) alıblar və bu gün də onlardan imtina etməyi ağıllarına da gətirmirlər. Lakin özlərinin etmədiklərini məndən tələb edirlər. 

Bəli, görüşdə mən həbsdəki jurnalistlərlə bağlı heç bir məsələ qaldırmadım. Ona görə ki, ölkəmdəki real durumu, harada nə demək lazım olduğunu və harada nə deməmək lazım olduğunu bilirəm. Lakin bu görüşdən əvvəl həbsdəki jurnalistlərin, konkret olaraq bizim əməkdaşın azad olunması barədə növbəti xahiş-məktubum prezidentə çatmışdı. Və əgər yaxın zamanlarda heç olmasa bir jurnalist – yazarımız Tofiq Yaqublu həbsdən azad olsa, bilin ki, burada mənim də xidmətim var.

***** 

Əziz Steynar!

Xatırlayırsınızsa, o vaxt (2003, oktyabr) səfirliyə gəldiyim ilk saatlarda Siz mənə və Hacı İlqara təklif etdiniz ki, bayraqlı səfir maşını ilə bizi Tiflisə aparasınız. Oradan da uçaqla Osloya yola salasınız. Dediniz ki, bu barədə öz hökumətinizlə razılaşmısınız və hər şey hazırdır... Siz o zaman həm də Norveçin Gürcüstandakı səfiri idiniz. Lakin biz ölüm və həbs təhlükəsinə rəğmən, dostlarımızı və ölkəmizi qoyub qaçmadıq, bu təklifdən imtina etdik. Mən, bax, həmin o Rauf Arifoğlu olaraq qalıram. 

İndi də mənim hər cür imkanım var ki, ölkədən gedəm. Çünki mənə bir qəzet redaktoru kimi, yenə çox çətindir. Hazırda iflas həddinə gəlmiş müxalifətçi dostlarım da məni mənəvi “terror” edirlər. Onlara elə gəlir ki, arxamda heç bir dəstək olmadan mən onların hamısının əvəzindən yenə də 2000-ci illərdə olduğu kimi, hakimiyyətlə vuruşmalı, prezidenti məhz onlara xoş olan təhqiramiz leksikonla tənqid və hətta təhqir etməliyəm. Onlar belə edənləri qəhrəman elan edirlər... 

Təbii ki, mən bunu hansısa xadimlərin, sadə və ümidsiz müxalifətçilərin  istəklərinə uğun olsun deyə, etməyəcəyəm. Buna da ciddi və yetərli əsaslarım var. Üstəlik, mən müxalifətin indiki halda hakimiyyətə gəlməsini ölkəm, region üçün müəyyən təhlükə sayıram. Əfsus ki, siyasi xadimlər kimi onların bir çoxu deqradasiyaya uğrayıb; bəzilərinin mənəviyyatı pozulub; boşalmış müxalifət düşərgəsində qısasçılıq və kin-küdurət hökm sürür; bir çox xadimlər siyasi anlamda yaşlanıb və həyatın reallıqlarına adekvat reaksiya vermək bacarığını itiriblər, bəziləri yersiz aqressiya göstərir və dünyanın gedişindən çox geri qalıblar. 

Razılaşın ki, qəzetin əsas funksiyası hər halda aktiv siyasi müxalifət fəaliyyəti təşkil eləmək və hakimiyyət dəyişikliyinə yönəlik işlər görmək deyil. Bəzilərinin düşüncəsindən fərqli olaraq qəzet, nəşr üçün bu – yanlış və mümkünsüzdür. 

Mən indiki şərtlərdə, hakimiyyəti, prezidenti tərifləmədən, ona yaltaqlanmadan, yalan yazmadan qəzetçiliklə yoluma davam etmək qərarı vermişəm. Bunu məndən tələb edən də yoxdur! Bəyan edirəm ki, indiyədək bununla bağlı hakimiyyətdən mənə hər hansı bir tələb də gəlməyib. Manevrləri və xəbər yayımı siyasətini mən özüm vəziyyətdən asılı olaraq müəyyənləşdirirəm. 

Siyasi liderim olan İsa Qəmbərin başqanlıqdan getməsindən sonra mən də əvvəldən verdiyim qərar əsasında partiyadan getmişəm. Çünki partiya bu gün artıq hakimiyyətə real alternativ imkanlarını tükədib. Mənim kimi bir qəzetçinin orada qalmasının heç bir mənası yoxdur. Doğrudur, yeni başqan bu imkanları yenidən yaratmaq üçün çalışır, lakin şərtlər ümidverici deyil.  

Lakin mən hesab edirəm ki, “Yeni Müsavat” media qrupunun yaşamasını davam etdirmək üçün imkanlar hələ qalır, onlardan istifadə etmək lazımdır. Ona görə də siyasi qütblərdən məsafə saxlamaq üçün belə bir addılm atdım. 

Bu imkanlar tükənsə və mən özümün və qəzetimin sifətini saxlaya bilməsəm, “qırmızı xətləri” gözləməyi bacarmasam, qəzetçilikdən istefa verib, media qrupumu ya satıb, ya da bağlayıb, kitablar yazacam, özümü ibadətə bir az da çox həsr edəcəyəm.

Ancaq hətta o halda da ölkəmdən getməyəcək, emiqrasiya etməyəcəyəm. 

Əziz Steynar!

Ümid edirəm ki, Sizə yazdığım bu məktubda mənim hansısa fikrim və izahatlarım Sizi qane etməsə, Sizin nəzərinizcə, konkret nədə haqlı olmadığımı mənə yazacaqsınız.

Sizin kimi əsil dost və böyük demokrata kəskin ehtiyacı olan 

Sizin Rauf Arifoğlu

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti