|
AXCP sədrinin müavini Əbülfəz Qurbanılının qurumdan istefa verməsi ilə bağlı sosial şəbəkələrdə adından status paylaşılıb. Statusda onun bacardıqlarını gerçəkləşdirməyə olan maneələrə eyham vuraraq, istefa verdiyini qeyd edir.
İstefa statusunu olduğu kimi təqdim edirik: “Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın”.
Əbülfəz Qurbanlı özü də AXCP-dən istefa verməsi ilə bağlı xəbərə münasibət bildirib.
O, AzNews.az-a açıqlamasında profilinin sındırılmadığını, statusunu özünün yazdığını və AXCP-dən istefa verdiyini təsdiqləyib: “Hər şeyi orada yazmışam. Əlavə məlumata ehtiyac duymuram. Xahiş edirəm məni narahat etməyin”.
****
Azvizion.az saytı yazır ki, Ə.Qurbanlı istefa verdiyini onlara təsdiqləyib, amma səbəbləri barədə danışmaq istəmədiyini söyləyib.