|
Zahid Oruc: Müsavat və AXCP rəhbərliyi çox məmnundur ki, bu yarışlara Devid Kemeron gəlməyib?
“Avropanın bir sıra dövlətlərinin başçılarının Bakı 2015 birinci Avropa Oyunlarının açılış mərasiminə gəlməməsində Müsavat Partiyasının və Milli Şuradan edilən çağırışların rol oynaması barədə iddialar əsassızdır”. Bu barədə Milli Məclisin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirib. Z.Orucun sözlərinə görə, bunun belə olmasını daxildə istəyən qüvvələr var.
Xüsusilə də Milli Şura çevrəsindən arzulayırlar ki, Qərb dövlətləri Azərbaycanda istənilən tədbirə qatılıb-qatılmamalarını onların mövqeləri vasitəsilə müəyyənləşdirsinlər. Onları saysınlar, çağırışlarına ciddi önəm versinlər. Lakin reallıq bu arzulardan tamamilə kənardadır: “Hazırkı dövrdə Qərb dövlətlərinin bir qismi ilə Azərbaycan arasında müxtəlif məsələlərə baxışlarda narahatlıqların və ya ittihamedici mövqelərin olmasının səbəbi sırf müxalifət məsələsi ilə bağlı deyil. Avropa Oyunlarına münasibət bizim üçün həm də beynəlxalq əlaqələr, xarici siyasətlər, maraqlar məsələsini müəyyənləşdirməyin yaxşı bir testinə çevrildi. Həm də Qarabağ üçün bu, çox önəmli idi. Azərbaycan insanının qarşısında növbəti dövr üçün yeni bir mənzərə təqdim olundu. Sabah Füzulidə bir kəndi azad etsək ölkəmizə yönəlik siyasi sanksiyalar, təbliğatlar, ittihamedici informasiya kanallarından gələn axınlar nə olacaq? Artıq bu məsələnin diaqnoz nəticələri ortadadır. Yəni əslində bu məsələnin mahiyyəti, kökü Azərbaycanın uğur qazanacağı istənilən məsələyə münasibətdir. Hətta hər hansı bir müxalif məktub gedib ünvanına çatsa da - çünki o məktubların ünvanına gedib çatmasına bizim şübhəmiz var - rol oynasa da doğrudanmı, məsələn, Müsavat və AXCP rəhbərliyi çox məmnundur ki, bu yarışlara Devid Kemeron gəlməyib? Həqiqətənmi bu, onları qane edir və ürəkdən sevindirir? Həqiqətənmi bu, hakimiyyətin vəziyyətinə çox öldürücü zərbə vurur və hakimiyyət uğrunda mübarizədə həmin qüvvələrin yolunu açır? Qətiyyən”.
Deputat vurğuladı ki, bir tərəfdən Azərbaycanda mübarizəyə çıxan idmançıların uğurlarını görüb onların mövqeyindən kiçik də olsa mesajlar verməklə, guya onların tərəfində olduğunu göstərmək, o biri yandan isə bu yarışların üzərinə səlib yürüşləri müşahidə edilir: “Müsavat Partiyasının bu məsələdə mövqeyi yalnız Avropa Oyunlarına bir neçə gün qalmış kəskinliyə çevrildi. Milli Şura isə hər şeyi qara görməkdə əvvəldən davam edir. Odur ki, Müsavatla Milli Şura arasında bərabərlik işarəsini qoymaq insafsızlıq olardı. Mən bu gün də o mövqedəyəm ki, Müsavat Partiyasının sıradan çıxması AXCP qaragüruhunu, siyasi ekstremizmi gücləndirər.
Düşünürəm ki, Avropa Oyunlarına müxalif münasibət göstərmək çox yanlış idi. Bu hadisə üzərindən daxildə belə cəbhə açılmamalı idi. Qərb dövlətləri sabah yenə də Azərbaycanla münasibətlərini davam edəcək, çünki bu ölkədən bp şirkəti getməyib, digər kampaniyalar çox geniş miqyasda fəaliyyətlərini davam edirlər, Almaniya ilə də iqtisadi münasibətlərin üzərindən xətt çəkilməyib. Daxildəki həmin müxalif qüvvələr də görəcəklər ki, onların müraciətləri, məktubları poçt qutusunda qalıb və sona qədər getməyib"