|
Son vaxtlar bəzi müxalif siyasi partiya rəhbərlərinə yönəlik saxta sənəd və saxta arayış iddialarının sayı artmaqdadır. Iddialara görə bəzi partiyalar xaricdə oturum almaq istəyən soydaşlarımıza saxta sənədlər verməklə əvəzində böyük maliyyə vəsaiti qazanmaqdadır.
Məlum iddialar əsasında müzakirə mövzusuna çevrilən digər bir məsələ isə müxalif siyasi partiyaların maliyyələşməsi məsələsidir. Belə ki, bəzi siyasilər hesab edir ki, hakimiyyət müxalif siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinə imkan verməklə, əslində onları qeyri-qanuni maliyyə mənbələri axtarmağa sövq edir.
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”qəzetinə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu da baş verənlərə görə hakimiyyətin məsuliyyət daşıdığını bildirdi. KXCP sədri müxalif siyasi partiyaların saxta sənəd və arayışlar verməsi ilə bağlı səslənən iddiaları da ciddi qəbul etmədiyi qeyd etdi:
“Əslində bu cür hallar, belə iddialar hakimiyyətin yürütdüyü siyasətin məntiqi nəticəsi olaraq meydana çıxır. Yəni hakimiyyətin həyata keçirdiyi siyasət bu cür qanunsuzluqların meydana çıxmasına şərait yaradır. Azərbaycanda vəziyyət o dərəcədə kriminallaşıb ki, qanunsuz olan bir çox məsələyə qanuni don geyindirib ictimaiyyətə təqdim edirlər. Necə ki, siyasi partiyaların büdcədən maliyyələşməsi məsələsini hakimiyyət bu şəkildə həll etdi. Azərbaycanda mojaritar seçki sistemi var və partiyaların da büdcədən maliyyələşməsi istiqamətində atılan addım təqdir olunsa da, qanunsuzdur. Ona görə ki, maliyyələşən partiyaların heç biri proporsional seçki sistemi əsasında seçilməyib. Onlar fərd olaraq seçiliblər. Amma partiya sədrləridirlər deyə partiyaları maliyyələşir.
Bu yaxınlarda ölkə başçısının maraqlı açıqlamaları oldu. Bələdiyyə sədrləri ilə bağlı bəzi fikirlər irəli sürdü. Ölkə başçısı bildirdi ki, bələdiyyələr yalnız möhür vuran bir orqana çevrilib. Bu yaxınlarda bir bələdiyyə rəhbəri də öldürüldü və bu hadisə sanki bir qığılcım oldu. Sanki “hərəyə bir bələdiyyə sədri öldürək” prinsipi irəli sürülüb.
Mən saxta arayış məsələsinin mövcudluğuna inanmıram. Ola bilsin ki, kimsə bundan başqa cür istifadə etsin. Əgər doğrudan da bir-iki belə fakt olmuş olsa belə, bu, ümumilikdə özünü doğrultmayan bir məsələdir”.