|
Fazil Mustafa dəhşətli cinayətdən yazdı.
Deputat Fazil Mustafa Bakıda baş verən qandonduran cinayətə - Pirallahıda 5 yaşlı Aişə Qələndərovanın təcavüz olunduqdan sonra öldürülməsinə sərt reaksiya verib.
Teleqraf.az xəbər verir ki, deputat bu barədə fikirlərini öz facebook səhifəsində paylaşıb.
“İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər.
Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun. Bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?
5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik. Həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: “içkili idim - maşınla adamı vurdum, içkili idi - maşın vurdu, içkili idim - bıçaqladım, güllələdim, qumbara atdım... İçmişdim və çəkmişdim - gedib evi yandırdım...
Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki, görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır.
5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq”.