|
Elmar Məmmədyarov iclası yarımçıq tərk etsə də, Azərbaycan hökuməti sənədə imza atmaq məcburiyyətində qaldı
Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammitinin bəyannaməsi hazırdır və qəbul edilib. Bunu Litva prezidenti Dalya Qribauskayte deyib. “Krımın ilhaqı” məsələsinin qalıb-qalmaması ilə bağlı suala dövlət başçısı belə cavab verib: “Əlbəttə, onsuz bəyannamə qəbul edilməzdi”.
“Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir”
“Riqada ”Şərq tərəfdaşlığı" sammitinin Azərbaycan da daxil olmaqla bütün iştirakçıları yekun deklarasiyanı imzaladılar".
Bunu isə Polşanın XIN başçısı Qjeqoj Sxetına bəyan edib.
“Bəli, Azərbaycan daxil olmaqla bütün iştirakçılar imzaladılar”, - o deyib.
Qjeqoj Sxetina bildirib ki, Azərbaycanın qətnaməni imzalaması Donalt Tuskun xidmətidir.
Litva prezidenti Dalya Qribauskayte öz növbəsində bəyan edib ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammitinin deklarasiyası qəbul olunub və sənəddə Krımın işğalı sözü saxlanılıb. “Əlbəttə ki, bunsuz deklarasiya qəbul olunmazdı”, - o jurnalistlərin sualına cavab verib.
Azərbaycanın iradları
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədov Azərbaycanın iradlarını belə açıqlayıb: “Əsas iradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa Ittifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük”.
O, Riqa sammitində Azərbaycan tərəfi ilə bağlı yaranan gərginliyi məhz bəyannamənin mətni ilə izah edib: “Konkret hansı hissələrlə bağlı iradlarımız olduğunu indi açıqlamaq istəmirəm. Amma bildirmək istəyirəm ki, bəyannamənin Azərbaycanla bağlı müddəaları əməkdaşlığın ruhuna cavab vermir. Eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yanaşmadan da narazıyıq”.
Novruz Məmmədov əlavə edib ki, bütün bu iradlar Avropa Ittifaqı rəhbərliyinə, iştirakçı dövlətlərin başçılarına çatdırılıb: “Bununla bağlı böyük gərginlik yarandı. Biz ümumi bəyannaməyə razılıq verdik. Amma xüsusi mövqeyimizi əlavə etməklə. Bu mövqeyimizi rəsmi şəkildə AI rəhbərliyinə göndərəcəyik”.
Avropa Parlamentinin prezidenti bakının iradlarını qəbul etmir
Avropa Parlamentinin prezidenti Martin Şults Riqa sammitində Azərbaycanla bağlı yaranan gərginliyə münasibət bildirib. O deyib ki, Azərbaycanın əsas iradı odur ki, Avropa Dağlıq Qarabağ münaqişəsinin həllinə Ukrayna böhranında olduğu qədər dəstək vermir: “Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Ukraynada baş verənlərsə, yox. Ukraynada olanları izah etmək asandır. Rusiya Krımın ilhaqı ilə beynəlxalq qanunları pozub. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi hər birimizin problemidir və bizlər bu münaqişənin həllini istəyirik”.
Martin Şults qeyd edib ki, Avropa Birliyi ilə danışıqlarda Azərbaycanda demokratiya məsələləri də əsas mövzulardandır:
“Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Amma düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kimlər ki, bir-biri ilə danışır, müzakirələr aparır, onda nələrisə dəyişmək mümkündür”.
Martin Şults həmçinin bildirib ki, Avropa Ittifaqında “Şərq Tərəfdaşlığı” proqramının gələcək taleyi haqqında vahid fikir yoxdur. “Rusiyaya münasibətdə biz vahid mövqe tuturuq, amma bizim ”Şərq Tərəfdaşlığı"na vahid yanaşmamız yoxdur", - deyə RIA-Novosti Şultsdan sitat gətirir.
Siyasətçi qeyd edib ki, Azərbaycan və Belarusun “Şərq Tərəfdaşlığı”nda iştirakı proqramı məhdudlaşdırır, belə ki, bu ölkələrin daxili quruluşu Avropa dəyərlərinə ziddir.
Bu mənada hazırki sammit aralıq addım ola bilər. “Şərq Tərəfdalığı” daxili quruluşları AI və bizim təməl dəyərlərimizlə bir araya sığmayan Azərbaycan və Belarus kimi ölkələrlə bağlı sammiti çətinləşdirir",- deyə Şults əlavə edib.
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Norvuz Məmmədov isə bildirib ki, Martin Şults Azərbaycana sataşmaq üçün bəhanə axtarır:
“Görünür, onun beynində ancaq Azərbaycan var. Riqa sammiti tərəfdaş ölkələrin işbirliyinin indiki vəziyyəti və problemlərin müzakirəsi idi. Bizim də Avropa Ittiffaqı ilə əməkdaşlıqda müəyyən sözümüz, mövqeyimiz var idi”.
Mayın 21-22-də Riqada “Şərq Tərəfdaşlığı” (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçirilib.
Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Praqada Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan və Belarusa təqdim olunub. Layihə Avropa Ittifaqının bu altı keçmiş SSRI ölkəsi ilə inteqrasiya əlaqələrinin inkişafına yönəlib.