|
70 nəfərə yaxın iş adamı həbs edilib; “bandotdel”ə xüsusi əməliyyat həvalə olunub
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparır.
Bu sensasion məlumatı virtualaz.org saytı DİN-dəki mənbələrə istinadla yayıb.
Məlumatda deyilir ki, iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.
Sayt iddia edir ki, bu proses ölkə başçısı İlham Əliyevin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Ölkə başçısı bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DİN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.
Məlumatda deyilir ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da, araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin “könüllü” istefasının səbəbi də məhz budur.
Mənbələrin məlumatına görə, araşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb. Məsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı İbrahimin mifik “Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir.
Bildirildiyinə görə, Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında “Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır. Əslində “Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun (“Hafka”) kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.
Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başlayıb. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçıb. Mətbuatda xəbərlər yayılıb ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.
Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə “Hafka”nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir.
Mənbələr bildirir ki, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra “Azərinşaat” MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.
Saytın yazdığına görə, Beynəlxalq Bankın işi üzrə həbs olunanlardan biri də 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskidir. Abdul Ansuxskini “Bandotdel” əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyə bilib və buraxılıb.