|
“Mən faktiki olaraq Milli Şurada deyiləm. Mənim harada olmağım, haradan çıxmağım isə Azərbaycanda bu və ya digər məsələlərə münasibət bildirməkdən başqa bir iş görə bilməyən Rüstəm İbrahimbəyovu narahat etməməlidir”.
Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
O, Milli Şurada fəaliyyətini dayandırdığını bildirib: “Mən uzun müddətdir ki, Milli Şuranın toplantılarında iştirak etmirəm. Səbəbləri də məlumdur. Milli Şuranın bizim qərargahımızda keçirilən son sessiyasında da sözümüzü demişik. Həmin sessiyada dediyimiz səbəblər aradan qaldırılmayıb, əksinə, bir qədər də irəli gedib. Milli Şura məsələsi mənim üçün artıq bitib. Bunu ayrıca bəyan etməyə ehtiyac da duymuram. Milli Şuranın əsasnaməsi vardı. Milli Şura prezident seçkilərində iştirakla bağlı yaradılmışdı. Artıq prezident seçkiləri bitib, növbəti prezident seçkilərinə hazırlıq getməlidir. Bu, artıq bizim təsis etdiyimiz Milli Şura deyil. Yəni mən faktiki olaraq Milli Şurada deyiləm. Biz zamanında təkliflər də vermişik, təkliflərimiz keçməyib. Bəzən özlərini belə təqdim edirlər ki, bu cür sıxıntılı vəziyyətdə tədbirlər keçiririk. Bu, sadəcə ayıbdır. Hətta münasibətimiz başqa cür olanda belə, biz demişik ki, sessiyaları partiyamızın qərargahında keçirə bilərsiniz. Keçirmədilərsə, özləri bilərlər. İndi Milli Şura nə vaxtsa özündə güc tapar, mənimlə bağlı qərar verərsə, bu onun öz işidir. Olmadığım yerdən məni necə çıxarda bilərlər?”
KXCP sədri Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun onun barəsində dediyi “Milli Şuradan çıxmalıdır” fikrinə də münasibət bildirərək, bundan təəssüfləndiyini qeyd edib: “Rüstəm İbrahimbəyovun fikri ilə tanışam. Onun bu mövqeyinə təəssüf edirəm. Kim haradan çıxmalıdır, harada qalmalıdır hökmünü Rüstəm İbrahimbəyov verə bilməz. Mənim harada olmağım, çıxmağım Azərbaycanda bu və ya digər məsələlərə münasibət bildirməkdən başqa bir iş görə bilməyən Rüstəm İbrahimbəyovu narahat etməməlidir”.