|
Polisin xidməti avtomobillərinin şüşələri sındırılıb
Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət almış, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişlər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.