|
ABŞ-da keçirilən ara seçkilərin ilkin nəticələrinə əsasən respublikaçılar Senatda çoxluq əldə ediblər.
APA-nın seçkilərin gedişini izləyən müxbirinin xəbərinə görə, respublikaçılar son 8 ildə ilk dəfə Konqresin hər iki palatasında çoxluğa nail olublar.
Bu isə Barak Obamanın prezidentlik müddətinin qalan hissəsində həm daxili, həm də xarici siyasətdə çətinlik və maneələrlə üzləşəcəyini göstərir. Respublikaçıların xarici siyasətdə xüsusən Rusiyaya qarşı sərt mövqe tutması məlumdur.
İlkin nəticələrə əsasən respublikaçılar Senatda 100 yerdən 55-ni tuta bilər. Ötən tərkibdə onlar 45 yerə sahib idi.
Respublikaçılar Qərbi Virciniya, Cənubi Dakota, Montana, Arkanzas, Kolorado, Ayova, Şimali Karolina kimi ştatların təmsilçilik hüququnu demokratların əlindən alıblar. Artıq demokratların Senatdakı lideri Harri Rid respublikaçıların lideri Mitç Makkonnelli təbrik edib.
Nebraska ştatından Senata respublikaçı Ben Sasse, Nümayəndələr Palatasına isə Ceff Fortunberri seçilib. Azərbaycan nümayəndə heyəti ilə görüşü zamanı C. Fotunberri Azərbaycanın ABŞ üçün vacib tərəfdaş olduğunu vurğulayıb.
Qeyd edək ki, ara seçkilər iki ildən bir keçirilir və bunun nəticəsində Nümayəndələr Palatası (435 yer) yenidən formalaşır, Senatın (100 yer) isə üçdə biri yenilənir. Seçkilərin nəticələri rəsmən dekabr ayında təsdiqlənəcək.