|
“Mən onlara dedim ki, mənim yanımdan sürətlə keçsəniz dinməyəcəyəm. Ayağımı tapdalasanız məndən inciməyin. Çünki biz “peşka” deyilik”.
Bunu Hafta.az-a açıqlamasında AXCP-nin Sumqayıt şöbəsinin keçmiş sədri Kəmaləddin Rəhimov onunla bərabər 52 nəfər partiya üzvünün istefasına münasibət bildirərkən deyib. Keçmiş AXCP-çinin sözlərinə görə, 52 nəfərin istefa verməsi həqiqətdir: “Guya deyirlərmiş ki, bu imzalar saxtadır. Nə bilim, başqa nələr. Həmin uşaqlar indi efirlərə çıxacaqlar. Açıq şəkildə bəyan edəcəklər ki, partiyadan könüllü ərizə yazıb çıxanlar bizik. O zaman inanacaqlar və tanıyacaqlar. Necə tanımırdılar ki, xəyanətkar adlandırırdılar?”.
Kəmaləddin Rəhimov Azərbaycan Xalq Cəbhəsi partiyasının ali təbəqəsi ilə narazılığın bir hadisədən sonra baş qaldırdığını deyib: “Ötən il prezident seçkilərində gördük ki, AXCP üzvü olan şəxslər YAP vəsiqəsi ilə hakim partiyanın mövqeyini müdafiə edirlər. Mən də “Cəbhə”yə bu haqda məlumat verdim. Dedim ki, belə olmaz. Bu əqidəsizlikdir. Həmin adamlar ya bizdə ya da digər partiyada olmamalıdır”. K.Rəhimov AXCP rəhbərliyinin bir neçə gündür ona “minnətçi düşdüyünü” deyib: “Gəlirlər ki, bəs 2018-DƏ əLİ Kərimli prezident olacaq. Səni də icra başçısı qoyacağıq. Daha heç nə danışma. Nə oldu, bayaqdan tanımırdılar. İndi necə oldu ki, tanıdılar”. “Xalq Cəbhəsi”nin eks Sumqayıt qolu rəhbərinin sözlərinə görə, AXCP xarici havadarların təlimatı ilə aksiya keçirir: “Xaricə gedib gəlirlər. Aksiya təşkil olunur. Mitinqlərin ardı-arası kəsilir. Boş yerə gənclər həbs olunur. Belə olmaz axı. Ona görə də biz dedik ki, hansısa qurumun sifarişi ilə aksiyalara getmirik. Partiyadakı iyrənclikləri görüb istefa verdik”.
Xatırladaq ki, AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa verib. Bəyanat müəllifləri bildirib ki, qərarın verilməsinin səbəbində şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniya dayanır.