|
Şahbaz Quliyevlə Dilqəm Əsgərov üzərində qondarma proses başlayıb
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, artıq "proses"dən video və fotolar yayılıb. Azərbaycanlı girovlar məhkəmənin keçirildiyi zala gözübağlı gətirilirlər. Fotolardan girovlarımızın həddindən çox arıqladıqları da diqqətdən yayınmır.
Qeyd edək ki, "məhkəmə" hakim Anatoliya Tadevosyananın sədrliyi ilə Xankəndinin birinci instansiya məhkəməsində keçirilir. Həmyerlilərimizin hüquqlarını isə erməni vəkil Arkadi İsraelyan "müdafiə" edir.
Azərbaycanlı girovlar qondarma Dağlı Qarabağ Respublikasının "qanun"larına görə ittiham olunacaq.
Qeyd edək ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Dağlıq Qarabağdakı erməni separatçılar tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
Ermənilər öz doğma torpaqlarına səfər etdikləri üçün girov götürdükləri həmyerlilərimizi diversant adlandırırlar. Azərbaycan isə öz vətəndaşlarının qondarma rejim tərəfindən mühakiməsinin qanunsuz olduğunu bəyan edib.