|
Müsavat Partiyası başqanının keçmiş müşaviri Səxavət Əlisoy yeni seçilmiş başqan Arif Hacılını və onun tərəfdarlarını ittiham edən bəyanatla çıxış edib.
Lent.az-ın xəbərinə görə, partiyanın VIII qurultayında başqanlığa namizəd olmuş S.Əlisoy öz Facebook hesabında yaydığı bəyanatda A.Hacılının partiyanın Seçki Qərargahının rəhbəri kimi 2003-cü il prezident, 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərindəki maliyyə hesabatlarını açıqlamamaqda günahlandırıb: “2003-cü il prezident seçkilərində Seçki Qərargahına nə qədər ianə daxil olub (biriləri 6 rəqəmli, digərləri 7 rəqəmli məbləğlərin olduğunu iddia edir), 2009-cu il bələdiyyə seçkilərində MSK-nın partiyaya ayırdığı vəsait hansı işlərə sərf olunub? O seçkilərdə partiyanın Seçki Qərargahına kim rəhbərlik edib və maliyyə hesabatını kim verməlidir, Yaşar Türkazər, yoxsa Arif Hacılı?”
S.Əlisoy bir neçə rayon təşkilatı sədrinin nizamnaməyə zidd olaraq 2 dönəmdən artıq fəaliyyət göstərdiyini də iddia edib: “Neçə rayonda sədr vəzifəsini boynuna çəkən tapılmır? Neçə rayon təşkilatının sədri təşkilata Bakıdan sədrlik edir?
16 rayonda konfrans keçirilməyib. Necə olur ki, Qazax, Gədəbəy və Quba kimi böyük rayonlar iki il ərzində konfrans keçirə bilmir, Samux rayonu 1 gün ərzində 3 qurultay nümayəndəsi ortaya çıxarır? Samux rayonunda nə qədər müsavatçı var və orada keçirilmiş konfransın protokolunun surətini göstərə bilərsinizmi?
16 rayonda təşkilati işlərin bərbad olmasına görə kim məsuliyyət daşıyır, partiyanın gözətçisi Zahir bəy, yoxsa, partiyanın təşkilat məsələləri üzrə müavini Arif Hacılı?
Naxçıvan MR-da keçirilən konfranslarda MNTK və QHTK-dən kim iştirak edib? İştirak edən olubsa protokolun surətini Facebookda nümayiş etdirin.
Azərbaycanda və cümlə dünyada elə bir partiya göstərə bilərsinizmi ki, bir funksioner Arif Hacılı kimi 3 önəmli vəzifə daşısın? ( Mərkəzi İcra Aparatının rəhbəri, Seçki Qərargahının rəhbəri, təşkilat işləri üzrə Başqan müavini. Divan və Məclis üzvlüyünü vəzifə saymıram)”.