|
Oktyabrın 9-da Elman Türkoğlunun jurnalist Xədicə İsmayılovaya qarşı məhkəmə iddiası üzrə iclas başlayıb. Binəqədi rayonun məhkəməsində qapalı keçirilən prosesə hakim Sədrəddin Hacıyev sədrlik edir. Proses 15:30-da başlayıb.
«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu)jurnalist Xədicə İsmayılovanın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov, jurnalistin öz facebook hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.
Xədicə İsmayılova AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxslərin ələ alınması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir.
Xədicə İsmayılova əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.