|
Ehtimal var ki, anasının ölüm xəbəri məşhur qanqsteri sarsıdıb
Yaşar İsakov: “Penitensiar Xidmətdə Hacı Məmmədov adlı məhkum saxlanmır”
Elçin Behbudov: “Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər”
Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan məşhur qanqster Hacı Məmmədov intihara cəhd edib. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Cinayətkarı orada MTN əməkdaşlarının nəzarəti altında müalicə edirlər. Bu haqda redaksiyamıza daxil olan məlumata görə H.Məmmədova özünü öldürməyə MTN təcridxanasının əməkdaşları imkan verməyiblər.
Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Yaşar İsakov məsələ ilə bağlı sorğumuza belə cavab verib: “Penitensiar Xidmətdə Hacı Məmmədov adlı məhkum saxlanmır”.
Məlumat üçün bildirək ki, H.Məmmədovun intihar xəbəri MTN-də saxlanıldığı 9 il ərzində bir neçə dəfə yayılıb. H.Məmmədov hətta məhkəməsində demişdi ki, saxlanıldığı kamerada özünü asıb, lakin ona nəzarətçilər mane olublar. Həmin vaxt H.Məmmədovu komada Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə köçürmüşdülər. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olmuşdu. Aldığımız son məlumatı dəqiqləşdirmək üçün zaman-zaman MTN-in İstintaq Təcridxanasında monitorinq aparan, Hacı Məmmədova baş çəkən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovla əlaqə saxladıq.
Komitə sədri MTN rəhbərliyi ilə danışandan sonra bildirdi ki, Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər: “Mənə dedilər ki, Hacı Məmmədov intihar etməyib. Bu yalan məlumatdır. Bilirsiniz ki, MTN-in Müalicə Müəssisəsi yoxdur. Ona görə də müxtəlif xəstəliklərdən əziyyət çəkən Hacı Məmmədovu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər”.
E.Behbudov Hacı Məmmədovun özünü öldürmək istəyində olması haqda məlumatlara inanmadığını dedi. Fikrini belə əsaslandırdı: “Əgər Hacı Məmmədov özünü öldürmək fikrində olsaydı, evdən ona müxtəlif müalicə bitkilərinin göndərilməsini istəməzdi. O, təcridxanada özünü xalq təbabətindən istifadə etməklə müalicə edir. Bundan başqa, əgər o, canına qəsd etmək istəsəydi, MTN rəhbərliyinə ərizə yazıb digər saxlama yerinə köçürülməsinin həyatı üçün təhlükəli olduğunu yazmazdı. Yəni Hacı Məmmədov ömürlük həbsdədir və onu digər ömürlüklər kimi Qobustan Qapalı Həbsxanasında saxlamalıdırlar. Amma Hacı Məmmədov MTN rəhbərliyinə məktub yazaraq xahiş edib ki, onu MTN-də saxlasınlar. Yazıb ki, Qobustan Həbsxanasında həyatına təhlükə var”.
Komitə sədri bildirib ki, əvvəllər H.Məmmədovla görüşləri intensiv olub. Amma sonradan H.Məmmədovun istəyi ilə bu görüşlər minimuma endirilib: “Hacı Məmmədov nəinki mənimlə, heç ailə üzvləri ilə də görüşmək istəmir. Onlarla telefonla da danışmır. O, sadəcə unudulmasını istəyir. Amma bilirsiniz ki, onun törətdiyi cinayətlər elə səs-küylü cinayətlərdir ki, çətin ki, onları törədən şəxs unudulsun. Bildiyim odur ki, Hacı Məmmədov muncuqdan müxtəlif əşyalar düzəldir, rəngli boya ilə rəsmlər çəkir”.
Komitə sədri H.Məmmədovun anasının bu ilin mayında dünyasını dəyişməsindən xəbərsiz olduğunu dedi. Belə məlumatlar vardı ki, H.Məmmədov yaxınlarından yalnız anası ilə telefonla danışıb. May ayından sonra isə H.Məmmədov yeganə təmas saxladığı şəxsi – anasını itirib. Tamamilə mümkündür ki, H.Məmmədov bundan sonra intihara əl atıb. E.Behbudov oktyabrın 13-də MTN-in İstintaq Təcridxanasında monitorinq keçirəcəyini və H.Məmədova da baş çəkməyi planlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, polis polkovniki Hacı Məmmədov və onun dəstə üzvləri 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunublar. İş üzrə keçirilən məhkəmədə H.Məmmədovun dəstəsinin fəaliyyətdə olduğu 10 il ərzində (istintaq dəstənin 1995-ci ildən 2005-ci ilə qədər fəaliyyətdə olduğu qənaətinə gəlib- E.M.) 17 nəfəri oğurlayaraq külli miqdarda pul tələb etməsi, 12 şəxsi sifarişlə öldürülməsi üzə çıxıb. Məhkəmə qarşısına çıxarılan 26 şəxsdən əksəriyyəti ömürlük həbsə məhkum edilib. Ümumilikdə dəstənin 30-dan çox üzvü olması haqda məlumatlar da var.